"Hər şeyi sıfırdan qurmalıyıq, ciddi dəyişikliklər olacaq" - BAŞ KATİB

"Hər şeyi sıfırdan qurmalıyıq, ciddi dəyişikliklər olacaq" - BAŞ KATİB

"İcraiyyə Komitəsi üzvlərinə və Rövşən Nəcəfə etimada görə təşəkkür edirəm. Vəzifənin məsuliyyətini dərk edirəm. Futbolumuzun inkişafı üçün əlimdən gələni edəcəyəm".

"Mediasport" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Federasiya rəsmisi AFFA-nın Hesabat Konfransında çıxış edərək, futbolun inkişafının sıfırdan qurulmalı olduğunu diqqətə çatıdırb:

"Düzgün plan işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik rutin işimizə çevrilib. Ciddi dəyişikliklər olacaq. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək. Onlar strategiyanın reallaşması yolunda işləyəcək. Layihə qrupu birbaşa baş katibə tabe olacaq.

Hazırkı vəziyyətdə hər şeyi sıfırdan qurmalıyıq. Uşaq futbolu yoxdur deyirlər. Bu, həqiqətən yaralı yerimizdir. Amma uşaq futbolu müasir infrastruktursuz olmur. İdman nəticələri uşaq futbolu olmadan olmur. Bir neçə istiqamətdə işləyərək effektiv sistem qurmalıyıq. Kosmetik təmirlə vəziyyəti düzəldə bilmərik. Sıfırdan ev tikməliyik. Düzgün bünövrə təhsildən başlayır. 10 milyonluq ölkədə cəmi 7 təlimçimiz var.

11 milyonuq Belçikada 147 təlimçi var. İlk prioritet təlimçi və instruktorların yetişdirilməsidir. Müxtəlif kateqoriyalarda məşqçi bazamız artırılacaq. AFFA tərəfdən təklif paketi hazırlanacaq və digər qurumlarla müzakirə ediləcək. Məqsədimiz istedadlarımızı uşaqlıqdan böyük futbola gətirməkdir. Uşaq və gənclər liqalarının islahatı üzrə çalışılır".

O, milli komandanın uğursuz nəticələrinə də toxunub:

"Millimizin nəticələri hamımızı üzür. Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan çıxmaq yolunu tapmalıyıq. Layiq olduğumuz yerlərə çıxaracağıq. İnkişaf strategiyasında yazılan bəzi maddələr bəzi tənqidçilər tərəfindən real görünməsə də, onları reallaşdıraraq həyata keçirəcəyimizə inanırıq. 

Futbol akademiyaları məsələsində məsuliyyət yalnız AFFA-nın deyil, klubların da üzərinə düşür. Müxtəlif illərdə Niderland, Portuqaliya, Özbəkistan və Gürcüstan bunu  etdi. Bu, xəyal yox, reallıq olmalıdır. AFFA müxtəlif regionlarda inkişaf mərkəzləri hazırlayacaq. İlk pilot mərkəzi üçün hazırlıq gedir. Ölkə futbolu ciddi səviyyəli hakimlərlə bağlı qıtlıq çəkir. Kəmiyyət və keyfiyyət baxımından sıxıntımız var. Daha güclü və səviyyəli hakimlər yetişdirməliyik. Bakı və bölgələrdə, stadion qıtıığı, məşq meydançlarının çatışmazlığı var".