İdman TV-nin bu mövsüm yayımlayacağı turnirlər - SİYAHI
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə daxil İdman TV-nin qarşıdakı mövsüm yayımlayacağı yarışlar açıqlanıb.
Bu barədə "Mediasport"a kanaldan məlumat verilib.
Bildirilib ki, dünya idmanının nəbzini tutan "İdman Azərbaycan" yeni mövsümdə də azarkeşlərə nüfuzlu beynəlxalq yarışları izləmək imkanı yaradacaq.
Kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və futbolun ən köklü turnirlərindən olan İngiltərə FA Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir:
"Premyer Liqada çempionluq, avrokuboklara vəsiqə və turnirdə qalmaq uğrunda mübarizə, La Liqada isə “Real" Madrid, “Barselona”, “Atletiko" Madrid və digər aparıcı klubların qarşılaşmaları tamaşaçılara təqdim olunacaq.
Müəyyən fasilədən sonra yenidən yayımlanacaq FA Kuboku da azarkeşlər üçün xüsusi maraq doğuracaq".
Yeni mövsümün əsas yeniliklərindən biri Almaniya Bundesliqasının geri qayıtmasıdır:
"Bayern", “Borussiya" Dortmund, “Leypsiq”, “Bayer" Leverkuzen və digər klubların oyunlarını televiziyada, eləcə də İdman TV-nin YouTube platformasında da izləmək mümkün olacaq.
Avropa basketbolunun ən nüfuzlu yarışlarından olan Avroliqa da mövsüm ərzində canlı yayımlanacaq. “Fənərbağça”, “Anadolu Efes” və “Beşiktaş”ın iştirakı turnirə əlavə maraq qatacaq".


