"İmişli"dən BƏYANAT: "Bu gün uğurlarımıza sevinə bilməyənlər..."

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" bəyanat yayıb.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Heydər Əliyev adına İmişli şəhər stadionu ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Bölgə təmsilçisi barələrində paylaşılan yazılara etiraz edib.
Bəyanatda deylir:
"Dəyərli “İmişli” Peşəkar Futbol Klubunun azarkeşləri!
Son zamanlar internet resurslarında "İmişli" PFK-ya qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılır. Bu, məqsədli şəkildə aparılmaqla yanaşı, klubumuzun heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir.
Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir. Bu stadionda bizim klubdan başqa 3 klub II liqa və Region Liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər.
Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər etmiş, lakin çox təəssüflər olsun ki, bu müraciətlər öz müsbət həllini tapmayıb.
Bu mövsüm klub rəhbərliyi şəxsi vəsaiti hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirib.
Dünya standartlarına əsasən, bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil.
Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması istiqamətində müzakirələr təşkil olunmuş və dəstək alınıb. Əminik ki, qısa zamanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionunun "İmişli" PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA-nın 3-cü kateqoriyalı meydançası üçün renovasiya işlərinə başlaya biləcəyik.
Bu gün "İmişli" PFK-nın uğurlarına sevinə bilməyənlər, uzun illər müxtəlif səviyyələrdə Bakıda oynayan və oynamaqda davam edən onlarla digər bölgə klubları haqqında sussalar da, əmin ola bilərlər ki, böyük futbol İmişlidə "İmişli" PFK sayəsində gözəl və baxımlı olacaq. Biz buna inanırıq!
Biz birlikdə güclüyük!"