Azərbaycan milli komandasından Avropa çempionatında ilk

Azərbaycanın akrobatika gimnastları Lüksemburqda keçirilən Avropa çempionatında böyük uğur əldə ediblər.
"Mediasport" xəbər verir ki, komandamız 16-20 aprel tarixlərində keçirilmiş yarışda 8 medal qazanıb.
Qarışıq cütlükdə Raziyə Seyidli və Ağasif Rəhimov temp hərəkətlərində 28.580 xalla bütün rəqiblərini qabaqlayıblar.
Kişi cütlüyündə Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətlərində 28.570 xal, çoxnövçülükdə 27.730 xal, temp hərəkətlərində isə 84.600 xalla ikinci yeri tutublar.
Kişi qrupunda Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidli temp hərəkətlərində 28.020 xal, balans hərəkətlərində 27.830 xalla bürünc mükafata yiyələniblər.
Qadın qrupunda Zəhra Rəşidova, Nəzrin Zeyniyeva və Anahita Başiri temp hərəkətlərində 27.620 xalla üçüncü olublar.
Qadın qrupunda Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadə çoxnövçülükdə 83.790 xalla bürünc medalı təmin ediblər.
Qeyd edək ki, gimnastika tariximizdə ilk dəfə olaraq qadın və kişi komandalarımız Avropa çempionatını medalla başa vurublar.
Həmçinin Ağasif Rəhimov Avropa Gimnastikası tərəfindən “Shooting star” mükafatına layiq görülüb.