"Bu bütün Azərbaycan futbolunun uğurudur" - Kurban Berdiyev
"İlk növbədə "Qarabağ"ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu bütün Azərbaycan futbolunun uğurudur. "Qarabağ" da lider kimi layiqincə bizi təmsil edir. Bugünkü matç barədə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə məyusedici məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin bacarmadıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turunun "Qarabağ"la görüşü (0:1) haqda danışıb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Xal və ya xallar qazanmaq üçün nə çatmadı?
- İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik və istədiklərimizi reallaşdıra bilmədik.
"Qarabağ"ın vurduğu qoldan sonra məşqçilər heyəti olaraq narazı idiniz. Bu nə ilə bağlı idi?
- Oyundan kənar vəziyyəti ilə bağlı idi etirazımız. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Bu, məğlub olduğumuza görə bəhanə deyil.
Stadionunuzun hazır olmaması və bu yerdəyişkənlik oyununuza təsir edir?
- Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik.
Yeni hücumçunuzdan gözləntiləriniz nədir?
- Vaxt lazımdır. Düşünürəm ki, bizə köməklik göstərəcək.
Transferlər olacaq, ya məsələ bitib artıq?
- Xeyr, axtarışlarımız davam edir.
