İsmayıl İbrahimli: "O formanı geyinməyin özü böyük şərəfdir"

İsmayıl İbrahimli: "O formanı geyinməyin özü böyük şərəfdir"

Uzun müddətli fasilədən sonra yenidən Azərbaycan milli komandasına çağırılan "Zirə"nin futbolçusu İsmayıl İbrahimli "Mediasport"a müsahibə verib.


Milli fasiləsi öncəsi "Sabah"la bərabərə qaldınız, bu oyun haqda nə deyə bilərsən?

- "Sabah"ın necə rəqib olduğunu və gücünü bilirik. Bizi yüksək pressinq gözlədiyini əvvəldən təxmin etmişdik. "Sabah"ın hücum xətti güclüdür. Bəli, ola bilər ki, ilk hissə tam istədiyimiz kimi keçmədi. Fasilədən sonra hesabı bərabərləşdirdik. Bəzi epizodlardan isə yararlana bilmədik. Xalımızın üstünə bir xal da gəldi. Vacib xal idi. Məqsədimiz qələbə idi, lakin alınmadı. Oyundan öncə üç xal üçün köklənmişdik. Elə olur ki, oyuna çıxırıq, rəqiblərimiz daha avantajlı olur. Bəzi epizodlardan yararlana bilirlər. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.

Üçüncü dövrəni yaxşı keçirdiyinizi nəzərə alsaq, fasilənin yaranmasını "Zirə" üçün minus hesab etmək olar?

- Bunu demək çətindir. Amma istirahət olacaq. Sonuncu dəfədir ki, tətil kimi olur, artıq qarşıda son oyunlar var. Daha yaxşı güc yığıb, son marafona, dövrəyə hazırlaşacağıq. Komandamızın uğurlu nəticələr qazanması üçün kollektiv olaraq əlimizdən gələni edəcəyik.

Turnir cədvəlində sizdən aşağıdakı pillələrdə "Araz-Naxçıvan", "Turan-Tovuz"dur. Onların nəfəsini hiss edirsiniz?

- Əlbəttə ki, hiss edirik. Amma təkcə "Araz-Naxçıvan", "Turan-Tovuz" yox, aşağıda da elə komandalar var ki, onlar da meydana hər oyun xal üçün çıxırlar. "Səbail", "Sumqayıt", "Kəpəz", "Şamaxı"ya qarşı oyunlarımız heç də asan keçmir. Allah qoysa, sonda sevinən tərəf biz olarıq. İşimizə davam edirik. Məqsədimiz yuxarı pillələrdə olmaqdır.

Komanda yoldaşların istirahət etsə də, səndə vəziyyət fərqli olacaq. Uzun müddət idi ki, dəvət almırdın, nə deyə bilərsən?

- Bir müddət zədələrim oldu, sonra əməliyyat keçirdim. Olur, normaldır, futbolun içində olan şeylərdir. Düşünürəm ki, son vaxtlar daha stabil və çox oynayıram. Milliyə dəvət üçün çox sevinirəm. O formanı geyinməyin özü böyük şərəfdir. Ümid edirəm ki, bu dəvətdən sonra dəvət daimi olar. Hər oyunçu millidə oynamaq, orada möhkəmlənmək, əsas oyunçu olmaq istəyir. Əlimə düşən şanslardan, dəqiqələrdən imkan olsa, yararlanmağa çalışacam.

Yığmamızı Haiti və Belarusla yoldaşlıq görüşləri gözləyir. Bu rəqiblərə qarşı oynamaq maraqlıdır? Ümumiyyətlə, səncə, oynamaq şansın olacaq?

- Yoldaşlıq görüşləridir. Hər bir futbolçu millidə meydana çıxmaq, oynamaq istəyər. Ona baş məşqçi qərar verəcək. Hər halda zaman göstərəcək. Mən hər zaman oynamağa hazır olacam. Millinin heyətində yer almaq, oynamaq qürurvericidir. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

AYXAN