"Kayrat" UEFA Çempionlar Liqasının Liqa mərhələsində!

Qazaxıstanın "Kayrat" klubu tarixi uğura imza atıb.
"Mediasport" xəbər verir ki, Almatı təmsilçisi tarixində ilk dəfə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.
Rafael Urazbaxtinin çalışdırdığı kollektiv ölkəsi adına növbəti ilkə turnirin pley-offunda Şotlandiya nəhəngi "Seltik"i mübarizədən kənarlaşdırmaqla nail olub.
Hər iki qarşılaşma bərabərliklə (0:0, 0:0) başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib.
"Lotereya"da daha dəqiq olan qazaxlar uğuru qapıçılarının qəhrəmanlığı hesabına rəsmiləşdiriblər. Tamerlan Anarbekov rəqibin 3 zərbəsini qaytarıb - 3:2.
Xatırladaq ki, Qazaxıstanın "Astana" klubu 2015/2016-cı illər mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
Ötən mövsümdən yarışın formatı dəyişdirildiyi üçün "Kayrat"ın zəfəri ölkə adına ilk sayılır.