IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirildi
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da baş tutan tədbir Oyunların açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb.
Daha sonra digər ölkələrin idmançıları ilə birgə Azərbaycan komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Xatırladaq ki, idmançılarımız yarışı 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurublar.
Cüdoçu İbrahim Talıbov (55 kiloqram), çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) çempion olublar.
Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kiloqram), taekvondoçu Adil Kazımlı (73 kiloqram) və boksçu Gülər Hüseynova (51 kiloqram) isə gümüş mükafat əldə ediblər.
Qeyd edək ki, ölkəmiz olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunub.
Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);
Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;
Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);
Boks: Gülər Hüseynova (51 kiloqram);
Qılıncoynatma: Abbas Hüseynov;
Şosse velosipedi: Nihad Xudoyev;
Cüdo: İbrahim Talıbov (55 kiloqram);
Yüngül atletika: Daniil Şuvayev.

