"Üzərimizdə böyük məsuliyyət var"
"Ümid edirəm ki, bu mövsüm də bizim üçün uğurlu olacaq. Üzərimizdə böyük məsuliyyət var, çünki Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri sabah Bakıda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS klubunu qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis sabahkı qarşılaşmanı böyük həyəcanla gözlədiklərini vurğulayıb:
"Avstriyada iki həftəlik hazırlıq keçdik və hesab edirəm ki, matça tam hazırıq. Sabah ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik.
Bütün lazımi məlumatları futbolçularıma çatdırmışam. TNS çox təcrübəli komandadır, heyətində uzun müddətdir birlikdə çıxış edən futbolçular var.
Ötən mövsüm daxili çempionatda ən yaxın izləyicilərini demək olar ki, 20 xal qabaqlayıblar. Biz ilk növbədə öz oyunumuz barədə düşünməliyik".
Xatırladaq ki, Masazırda keçiriləcək matç saat 20:00-da start götürəcək.
Cavab görüşü bir həftə sonra Uelsdə baş tutacaq.


