Elvin Məmmədov: "Hər şey dəyişə bilər, sadəcə, bizə zaman lazımdır"

Elvin Məmmədov: "Hər şey dəyişə bilər, sadəcə, bizə zaman lazımdır"

"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Qarabağ"ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Elvin Məmmədov deyib.


Yadınızdadırsa, futbolçu karyeranızın sonlarında demişdiniz ki, karyerama nəzərən gedib 1-ci Liqada oynamaram. İndi baş məşqçisi olduğunuz komanda 1-ci Liqaya düşmək üzrədir. Məşqçi kimi necə, 1-ci Liqada işləyərsiniz?

- Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam. 

Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiniz?

- Bəli. "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedərdi. Erkən qollar oyunu sındırdı. 

Dediniz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsünüz?

- Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Əlbəttə ki, Avropa futbolunda nə qədər gənc məşqçi var.

Şahin Diniyevdən sonra dəvət edildiniz, komandanı 1 oyuna siz çıxardınız. Oyununuz, işiniz pis də alınmamışdı. Necə düşünürsünüz, rəhbərlik sizi həmin vaxt baş məşqçi postunda saxlasaydı, vəziyyət başqa cür ola bilərdi?

- Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır. Zaman keçibsə, nəyisə geri qaytara bilmərik.

Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiniz?

- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Sadəcə, bizə zaman lazımdır. 

"Kəpəz"lə xal fərqini aradan qaldırmağı şansa, yoxsa möcüzəyə bağlayırsınız?

- Futbolda hər şey mümkündür. 

Cavid Hüseynov istefaya göndərildiyi gün mətbuat konfransında demişdi ki, rəhbərlik komandanın yanında deyil, yiyəsizik. İndi necədir vəziyyət, rəhbərlik komandanın yanındadır?

- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz arqumenti ola bilər. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.