2024-cü ildə "Qarabağ"ın gəlirləri 35 milyon manata yaxın olub

 2024-cü ildə "Qarabağ"ın gəlirləri 35 milyon manata yaxın olub

"Qarabağ" futbol klubu 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

"Mediasport" xəbər verir ki, ötən il Ağdam təmsilçisinin ümumi gəlirləri 35 milyon manata yaxın olub.

İli 876,9 min manat zərərlə başa vuran klubun gəlirləri 34 milyon 754 min manat təşkil edib.

Qazancın 28 milyon 155 min manatı nümayiş hüququndan, 3 milyon 560 min manatı UEFA-nın Futbolun İnkişafı Fondundan daxilolmalar, 1 milyon 742 min manatı bilet satışından, 831 min manatı sair gəlirlərdən, 466,1 min manatı isə sponsor və reklamlardan formalaşıb.

"Köhlən atlar"ın 2024-cü ildəki xərcləri 35 milyon 612,5 min manat təşkil edib. Bunun 20 milyon 648 min manatı əmək haqqı və mükafat xərcləri, 11 milyon 831 min manat digər xərclər, 2 milyon 561 min manatı qeyri-maddi aktivlərin köhnəlməsi, 421,6 min manatı əsas vəsaitlərin amortizasiyası, 114,8 min manatı isə agentlərə ödənilmiş məbləğlər olub.

"Qarabağ" ötən il 47 milyon 27 min manat cəmi aktivlərə və öhdəliklərə malik olub. Klubun aktivləri və öhdəlikləri son bir il ərzində 17 milyon 992 min manat çoxalıb.