"Karvan-Yevlax"ın hədəfi Premyer Liqaya vəsiqə qazanmaqdır

"Karvan-Yevlax"ın hədəfi Premyer Liqaya vəsiqə qazanmaqdır

"Uzun illərdən sonra Xankəndidə yenidən futbol həyəcanı yaşanır. Şükürlər olsun ki, şəhərimizin dirçəlişindən və yenidən qurulmasından sonra burada meydançaya çıxmaq bizə də qismət oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri "Karvan-yevlax" futbol klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Mütəxəssis Azərbaycan 1-ci Liqasının 8-ci tuurunun "Xankəndi" ilə oyunu haqda danışıb.

O, əvvəlcə Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk matçın keçirilməsinə münasibət bildirib:

"Buna görə dövlətimizə dərin minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Bu gözəl şəraiti yaradan, əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram".

Aranlıların çalışdırıcısı "Xankəndi" klubunun fəaliyyətə başlamasını, Xankəndidə oyun keçirilməsini Azərbaycan futbolu adına uğur hesab edib:

"Matçda qalib gəlsək də, hesab edirəm ki, bu görüş təkcə bizim üçün deyil, ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur.

“Xankəndi” klubunun fəaliyyətə başlaması sevindirici haldır.

Tapşırıqları layiqincə yerinə yetirən futbolçularıma minnətdaram, “Xankəndi”yə və digər bütün klublarımıza qarşıdakı oyunlarda uğurlar arzulayıram.

O, hədəflərinin Premyer Liqaya çıxmaq olduğunu açıqlayıb:

"Komandanı nisbətən gec formalaşdırdıq, buna baxmayaraq, heyətə cəlb etdiyimiz oyunçuların demək olar ki, hamısının çıxışından razıyıq.

Yüksək liqaya vəsiqə qazanmaq üçün qarşıya qoyulan vəzifələri nizam-intizamla icra edirik.

Klub rəhbərliyi hər zaman dəstəyini göstərir, Premyer Liqaya yüksəlmək üçün lazım olan bütün addımları atır".

Xatırladaq ki, "Xankəndi"yə 2:0 hesabı ilə qalib gələn yevlaxlılar 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.