Ayxan Abbasov: "Onsuz da hakimlərə nəsə sübut etmək olmur"

Ayxan Abbasov: "Onsuz da hakimlərə nəsə sübut etmək olmur"

"Çətin oyun olacağını bilirdik. Bizdən daha yaxşı formadadırlar. Bizim hələ ikinci rəsmi oyunumuz idi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "Sabah"la matçı (1:2) haqda fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, qalan müddətdə komandamın oyunundan razıyam. Epizodlarımız oldu, dəyərləndirə bilmədik. Bərabərlik qolundan sonra da şansımızdan istifadə edə bilmədik. “Sabah”a qarşı inamlı oynadıq. Bu gün azı bir xal qazanmaq istəyirdik. Buna layiq idik. Çempionat uzun marafondur. Gələcək oyuna baxacağıq. Qarşıda “Sumqayıt” səfəri var. Bu matça tam köklənməliyik".

İlk qolda qapıçınız Rikardonun topa çıxmamasını qınayırsınız?

- Çətin top idi. Böyük bir epizod deyildi. Sadəcə ani diqqətsizlik qola səbəb oldu. Bəlkə də bu qol məğlubiyyətə səbəb oldu.

“Sabah” neçə il idi, burda qələbə qazanmırdı…

- Oyun şansı “Sabah”da idi. Biz standartdan fərqlənə bilmirik, onlar fərqlənir. Rossi iki epizodu dəyərləndirə bilmədi. Qarşılıqlı epizodlar oldu. Futbolçularımızın zəif çıxış etdiyini demək olmaz. Futbol şansı “Sabah”dan tərəf idi.

Edqar Ədilxanov əvvəlki səviyyəsində deyil. Ona nə olub?

- Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, oyunçuların keçid dövrü var. Hər oyunçu təzyiqlərlə bacarmalıdır. Edqardan tam razı deyildik. Bu gün nələrsə etmək istəyirdi. İnşallah, o da formaya düşəcək. Onunla təkbətək danışıq. Cavanlara dəstək lazımdır.

İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Epizoda baxdınız?

- Bütün foullar biz tərəfə idi. Zarafatca dedim ki, əvvəl səfər oyunlarında top göydə oyunu dayandırırdılar. İki oyundur, hakimlərin simpatiyası rəqib tərəfdədir. Sanki onların adlarına görədir. Bu gün elə bil səfərdə oynayırdıq. Bir tərəfdən yaxşıdır ki, hakimlər bizi öyrədir ki, daha möhkəm olaq.

Ötən il Azərbaycan Kubokunda “Neftçi” – “Sabah” oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?

- Onlardan soruşmaq lazımdır. Hakimlərimiz zəif deyil. Onlara beynəlxalq təyinatlar da gəlir. İstəyirik ki, hər kiçik foula görə oyun dayanmasın. Rossinin epizodunda qayda pozuntusu var idi, amma hakim dayandırmadı. Heç epizoddan sonra da rəqibə vərəqə vermədi. Onsuz da hakimlərə nəsə sübut etmək olmur. Nə etsək də, səhvik. Hakimlərin üstünə getməyək.

- Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qaldı. AFFA bu məsələdə sizə nəsə köməklik edir?

– Bir az məsələlər var. Proseslər üçün vaxt lazımdır. Raufla bağlı nəsə müraciətimiz olmayıb.