Elvin nə vaxt oynayacaq? - Qurban Qurbanov açıqladı

Elvin nə vaxt oynayacaq? - Qurban Qurbanov açıqladı

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı mübarizə apardıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 13-cü turunun "Sumqayıt"la oyunu haqda fikilrəini bölüşüb, 4:2 hesablı qələbəni şərh edib, sonra jurnalistlərin suallarını cavablandırıb:

“Sumqayıt” müdafiə olunmağı bacaran, gözəl futbol nümayiş etdirən kollektivdir. Turlar keçdikcə daha da yaxşı oynayırlar.

Fanatlar üçün maraqlı, bol qollu qarşılaşma oldu. Azarkeşlərə təşəkkür edirəm ki, soyuq havada gəlib, bizə dəstək oldular".


Komandanız 4 oyun sonra qol vurdu. Bunu necə şərh edərdiniz?

- Futbolda belə hallar olur. Həvəsdən düşmür, çox çalışırdıq. Futbolçuları son vaxtlar ruhsuz halda görmürəm. İntizamlıdırlar və işlərinə məsuliyyətlə yanaşırlar. Futbolda hər komandanın uğursuz seriyası olur. Bütün rəqiblər istənilən rəqibə qarşı yaxşı, ciddi hazırlaşırlar. Sabah bizi hansı çətinliklər gözləyir, bilmirik. Hər bir halda qolsuzluq və qələbəsizlik seriyasını pozmaq xoşdur. Bu gün də çoxlu imkanlarımız oldu. Əlbəttə, qol buraxmaq da ağır gəlir. Futbolumuzun keyfiyyəti artıb. Hər maçtda 3-4 qol görmək yaxşı haldır. Bu cür qarşılaşmalar futbola sevgini artırır.

Musa oyuna daxil olduqdan 4 dəqiqə sonra qol vurdu. Növbəti matçlarda start heyətində olacaq?

- Hər futbolçunun “11-lik”də olmaq ehtimalı çoxdur. Qarşıda sıx qrafik var, həm kubok, həm də liqa oyunları olacaq. Rotasiyalara ehtiyac var. Hər futbolçu çox oynamaq istəyir. Rəqiblərin üslubuna görə heyət qurmağa çalışacağıq.

Elvin Cəfərquliyevin tam hazır olması üçün nə qədər vaxt lazımdır?

- Yəqin, yanvarda komandaya qoşulacaq. Bərpası pis getmir, bəlkə dekabrın son oyunlarında meydana çıxa bilər. Zədəsi təhlükəlidir, əməliyyat olunub. Bu səbəbdən ehtiyat edirik. Ancaq ümumilikdə, gedişat pis deyil.

“Sumqayıt”la kubokda da üz-üzə gələcəksiniz.

- İki komanda üçün də şərtlər eynidir. Lakin ardıcıl oyunlar olanda narahatlıq yaşana bilər. Kubok fərqli prestijdir. Bəlkə də ən gözlənilməz nəticələr orada olur. Ciddi olmalı və yaxşı hazırlaşmalıyıq.

“Neftçi”, “Sabah” və “Turan Tovuz”un sizdən öndə olması narahatlıq yaratmır?

- Əlbəttə, mövqeyimizdən narahatıq. Daha yaxşı yerlərdə ola bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparır. Hər görüşə məsuliyyətlə hazırlaşacağıq.