"Dostum bu kluba gəlməyimi məsləhət bildi" - Patrik Andrade

“İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Dostum bu kluba gəlməyimi məsləhət bildi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın yeni transferi Patrik Andrade deyib.
"Qarabağ"dan ayrılandan sonra vətəninə yollanmış Kabo Verde milli komandasının üzvü artıq Bakıya qayıdıb.
Klubla 1+1 illik müqavilə bağlayan yarımmüdafiəçi Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında transferin necə reallaşmasından, hədəflərindən söz açıb:
"Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün yaxşı keçid olduğunu düşünürəm. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.
O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini dilə gətirib:
“Araz-Naxçıvan”la bağlı məlumatlı olsam da, Qara Qarayevdən də bəzi suallarıma cavab aldım. Qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı qısa fikir bildirib:
“Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.