Karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu

 Karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu

Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, birincilik Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda komandalar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparıblar.

Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası – Azər Əliyev, Nihad Camalov və Hüseyn Qeibi Azərbaycan çempionu olub.

“Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası – Sahil Ağamalıyev, İsa Əliyev və Elmir Səfiyev ikinci, Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası – Əhməd Məmmədov, Faiq Şirinbəyli və Əli Məmmədov isə üçüncü yeri tutublar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Həmçinin çempionatın ən böyük balığını tutan “Karp Pro” komandasına kubok təqdim edilib.

Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbr nümayiş etdirməsi də mühüm rol oynayır.

Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.