"Çoxları onun bu işdə uzun müddət qalmayacağı haqda düşünürdü"

"Çoxları onun bu işdə uzun müddət qalmayacağı haqda düşünürdü"

"Qurban Qurbanov gənc məşqçi idi və o vaxtlarda yerli məşqçilərə o qədər də etibar etmirdilər. Qurban Qurbanov da təzə gələndə ona inam yüksək deyildi. Ancaq o, sıfırdan başladı. Çoxları bu işdə uzun müddət qalmayacağı haqda düşünürdü. Amma biz onun əla məşqçi olacağını tez bir zamanda anladıq".

"Mediasport" xəbər verir ki, bu sözləri nüfuzlu "The Guardian" nəşrinə açıqlamasında "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.

Veteran müdafiəçi keçmiş baş məşqçisi haqda maraqlı açıqlamaları ilə diqqət çəkib:

"İlk mövsümündə ölkə kubokunu qazandıq və sonra Avropa Liqasının təsnifat mərhələsində "Rusenborq"u məğlub etdik. İndiyədək davam edən macəra məhz o oyundan sonra başladı. Qurbanov rəhbərliyin tam etimadını qazandı. O, komandanı addım-addım qurdu".

Medvedev Qurbanovun nizam-intizama hədsiz önəm verdiyini diqqətə çatdırıb:

"Qurban Qurbanov üçün bütün oyunçular bərabərdir. O, tələblərini yeni gələnlərə izah edir və yalnız onları qəbul edənlər komandanın bir hissəsi ola bilir. O, sərt məşqçidir, intizama böyük diqqət yetirir, eyni zamanda çox ədalətlidir.

Məhz buna görə heç vaxt onun kimləsə ciddi münaqişəsi olmayıb. Üstəlik, o, həmişə oyunçularını qoruyur, onlara kömək edir və peşəkar, həyati məsləhətlər verir".

Xatırladaq ki, Maksim Medvedev karyerası ərzində yalnız "Qarabağ"da forma geyinib. O, 2006-2024-cü illərdə Ağdam klubunun futbolçusu olub.