Azərbaycanın dünya və Avropa çempionu ağır avtoqəzaya düşdü
Cüdo üzrə yeniyetmələr arasında ikiqat dünya, gənclər arasında isə Avropa çempionu Nihad Məmişov ağır avtomobil qəzasına düşüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü qəzanı Abşeron rayonunun Masazır qəsəbəsində keçirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, avtomobildə sıxışıb qalmış şəxs Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb.
İdmançının müalicəsi hazırda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə yüksək ixtisaslı həkimlərin nəzarəti altında davam etdirilir.
Nihad Məmişovun müalicə prosesi federasiyanın nəzarətindədir və idmançıya hərtərəfli dəstək göstərilir.
Hadisədən sonra dərhal federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və vitse-prezident Elnur Məmmədli xəstəxanaya gedərək cüdoçuya yerində baş çəkiblər.
Qeyd edək ki, Nihad Məmişov yeniyetmə və gənclər arasında dəfələrlə Avropa Kuboku yarışının da qalibi olub.
19 yaşlı idmançı 2023-cü ildə Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında bürünc medal qazanıb.

