Ulduzlar Liqası klubu "Qarabağ"ın əsas futbolçusuna "elçi" düşdü

Ulduzlar Liqası klubu "Qarabağ"ın əsas futbolçusuna "elçi" düşdü

"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər.

Mediasport.com.az saytına verilən məlumata görə, Ağdam klubu ilə müqaviləsi yayda başa çatacaq Yassin Benzia Qətərdən dəvət alıb.

Bu ölkənin Ulduzlar Liqası adlanan yüksək dəstə təmsilçisi "Umm Salal" 30 yaşlı vingerə "elçi" düşüb.

Ərəb ölkəsi təmsilçisi Əlcəzair yığmasının üzvünü yayda azad agent kimi transfer etmək üçün danışıqlara başlayıb.

Fransa nəhəngi "Lion"un yetirməsi olan Benzia qərar verməyə tələsmir.

Daha çox Avropada oynamağın tərəfdarı olan futbolçunun Azərbaycan çempionu ilə anlaşmasını yeniləyəcəyi də istisna edilmir.

"Köhlən atlar"a 2023-cü ilin yayında qoşulmuş Benzia burada geridə qalan müddətdə 85 oyun keçirib, 22 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.