Qadın futbolu: AFFA-nın missiya və əsas strateji hədəfləri - Türkiyəli yeni rəhbərlə MÜSAHİBƏ+FOTO

Qadın futbolu: AFFA-nın missiya və əsas strateji hədəfləri - Türkiyəli yeni rəhbərlə MÜSAHİBƏ+FOTO

AFFA-nın Qadın Futbolu Departamentinin texniki direktoru Əmrah Aykurt "Mediasport"a müsahibə verib.


Təyinatınız necə rəsmiləşdi? Dəvət kimdən gəldi?

- İlk olaraq 2025-ci ilin sentyabr ayında AFFA-nın dəvəti ilə qadın futbolu üzrə müzakirələr apardıq. Bu görüşdən sonra təyinatımın rəsmiləşməsinə qədər olan müddətdə Azərbaycanda qadın futbolu ilə bağlı atılacaq addımlara dair danışıqlarımız davam etdi. Fevral ayında Qadın Futbolu Departamentinin texniki direktoru kimi fəaliyyətə başladım.

Hansı hədəflər üçün AFFA-da işləməyə razılıq verdiniz?

- Əvvəlcə qeyd etmək istəyirəm ki, AFFA-da yeni struktur çərçivəsində ilk dəfə yaradılan Qadın Futbolu Departamentinin texniki direktoru vəzifəsi məni, həqiqətən də, həyəcanlandırdı. AFFA rəhbərliyinin qadın futbolu ilə bağlı ortaya qoyduğu missiya və əsas strateji hədəflər - xüsusilə qadınlardan ibarət A milli komandanın və klub komandalarının FIFA reytinqində üst sıraları hədəfləməsi, aşağı yaş qrupları üzrə millilərin vahid oyun fəlsəfəsi əsasında formalaşdırılması və Avropa çempionatlarında mütəmadi iştirak edəcək rəqabət səviyyəsinə çatdırılması məqsədi məni ciddi şəkildə cəlb etdi.

Bildiyimiz qədər Türkiyənin çimərlik futbolu milli komandasında da işləmisiniz. Çimərlik futbolundan daha böyük - otüstü futbola – üstəlik qadın futboluna keçid nə qədər asan və ya çətindir?

- 25 ildən artıq məşqçilik karyeramda çimərlik futbolu üzrə milli komandada fəaliyyətim gördüyüm işlərdən sadəcə biridir. Qeyd etməliyəm ki, 1999-cu ildən məşqçiliklə məşğulam. Futbolun aşağıdan-yuxarı, demək olar ki, bütün kateqoriyalarında çalışmışam. “Antalyaspor”da aşağı yaş qruplarında və peşəkar səviyyəyə namizəd futbolçularla işləmişəm, “Alanyaspor”un əsas komandasında məşqçi kimi fəaliyyət göstərmişəm. Türkiyə Futbol Federasiyasındakı 15 illik fəaliyyətim dövründə region məşqçisi, çimərlik futbolu üzrə milli komandanın texniki direktoru, məşqçi-təlimçi, məşqçi təhsil proqramlarının rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmışam. Bundan əlavə, qadınlardan ibarət milli komanda üçün oyunçu izləmə və seçim proseslərində, qadınlara məxsus UEFA məşqçi təlim proqramlarında və qadın milli komandalarında mentor kimi fəaliyyət göstərmişəm. Hər işin özünəməxsus çətinlikləri və üstünlükləri var. Lakin qadınların futbola bağlılığı və əzm digər sahələrdə olduğu kimi, futbolu da daha cəlbedici və asan edən əsas amillərdəndir.

Qarşınıza qoyulan məqsədlər hansılardır?

- AFFA-dakı fəaliyyətim çərçivəsində əsas məqsəd qadın futbolunun ölkə üzrə sistemli şəkildə inkişaf etdirilməsi və davamlılığının təmin olunmasıdır. Bu istiqamətdə aşağı yaş qrupları üzrə milli komandalarda vahid oyun fəlsəfəsinin tətbiqi, uzunmüddətli inkişaf modeli əsasında A milli komandanın ehtiyaclarına uyğun sistemin qurulması, klub futbolunda strukturun gücləndirilməsi və rəqabət səviyyəsinin artırılması, istedadların erkən yaşda aşkar olunması üçün müşahidə, seçim və inkişaf mexanizmlərinin yaradılması, qadın futbolu məşqçilərinin sistemə daha aktiv cəlb olunması, məktəb və regional layihələr vasitəsilə daha çox qızın futbola cəlb edilməsi kimi hədəflərimiz var. Bu, əsasən, AFFA-nın qadın futbolu strategiyasının sistemli şəkildə həyata keçirilməsi və idarə olunması kimi ümumiləşdirilə bilər.

Bir müddətdir ölkəmizdəsiniz. Azərbaycanda qadın futbolunun ümumi vəziyyəti haqda nə deyə bilərsiniz?

- Vəzifəyə başladığım gündən etibarən Bakı və ətrafında qadınlar üzrə Yüksək Liqa, U-16, U-14, U-12 liqaları, həmçinin məktəblərdə keçirilən “School Cup” turnirlərini yaxından izləmişəm. U-17 və U-19 milli komandalarının hazırlıq toplanışlarında iştirak etmişəm. A millinin ölkədaxili oyunlarını və hazırlıq prosesini yaxından izləyirəm. Regionlarda çox ciddi potensialın olduğunu bilirəm. Qız uşaqlarının futbolla tanış olmasına şərait yaradan və bu idman növünün kütləviləşməsi baxımından əhəmiyyətli olan “FIFA Campaign” layihəsi çərçivəsində keçiriləcək festivalda qadın futbolu departamentinin bütün heyəti ilə birlikdə Lənkəranda olacağıq. Tədbir daha sonra Füzuli, Şəki və Gəncə şəhərlərində davam edəcək.

Ümumiləşdirsək, Azərbaycanda qadın futbolunun inkişafa açıq və ciddi potensiala malik olduğunu deyə bilərəm. Aşağı səviyyələrdə çox istedadlı qızlar var. Qadın liqalarında 500-dən çox oyun keçirilir. Növbəti mövsümlərdə iştirakçı sayının və rəqabət səviyyəsinin artırılması əsas hədəflərimizdəndir.

Aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələlərdə uğurlu çıxış etmələri üçün nə lazımdır və nə qədər zamana ehtiyac var?

- Aşağı yaş qrupları üzrə milli komandaların əsas məqsədi A milli səviyyə üçün elit futbolçular yetişdirmək, oyunçuların beynəlxalq təcrübə qazanmasını təmin etmək və rəqabət qabiliyyətini artırmaqdır. Bu baxımdan həm meydanda, həm də meydandan kənarda davamlı uğur əldə etmək üçün planlı fəaliyyət vacibdir. Keçmişdə atılan və ya atılmayan addımlar bu günə təsir etdiyi kimi, bundan sonrakı qərarlar da Azərbaycanın qadın futbolunun inkişafına təsir göstərəcək.

Bu prosesdə AFFA, məktəblər, klublar, idarəçilər və məşqçilər arasında koordinasiya həyati əhəmiyyət daşıyır. Qısa müddətdə oyunçu və klub bazasının genişləndirilməsi, təbliğatın artırılması, təhsil sisteminin aktivləşdirilməsi, orta və uzun müddətdə isə dayanıqlı klub infrastrukturu və peşəkarlaşma aşağı yaş qruplarında daha geniş və keyfiyyətli oyunçu bazasının formalaşmasına səbəb olacaq. Bunun nəticəsində meydanda istənilən uğurları əldə edə bilərik.

A milli komandanın ümumi vəziyyətini necə qiymətləndirirsiniz?

- A milli komandanın son illərdəki nəticələrini kifayət qədər yüksək hesab edirəm. Bu konteksdə ən vacib amil komandanın qələbə vərdişi qazanması və hər səviyyədə rəqabət aparmaq qabiliyyətidir. Ötən ildən başlayan müsbət dinamikanın DÇ-2027-nin seçmə mərhələsində də davam etdiyini görürük. Keçirilən 4 oyunda qazanılan 3 qələbə bu inkişafın və formalaşan qalibiyyət immunitetinin formalaşmasının göstəricisidir.

Sizcə, millimiz dünya çempionatına yollana bilər?

- Hər milli komanda kimi, bizim yığmanın da əsas arzusu dünya və Avropa çempionatlarında iştirak etməkdir. Bildiyiniz kimi, dünya çempionatına UEFA-ya üzv 11 ölkədən A liqasında qrupunu 1-ci pillədə başa vuran 4 komanda birbaşa vəsiqə qazanır. Digər komandalar isə pley-off mərhələsindən keçməlidirlər. Milli komandamızı iyunda çox ciddi iki oyun gözləyir. Bu matçlardan sonra qrup lideri kimi və ya ən yaxşı ikinci yerlərdən biri olaraq pley-offa vəsiqə qazanacağımıza inanıram. Hazırda məşqçi heyəti və futbolçular məhz bu hədəfə fokuslanıblar.

Baş məşqçi Siyasət Əsgərov da uzun müddət Türkiyə Superliqasında çalışıb. Onunla tanış idiniz?

- Siyasət müəllimlə ilk dəfə 2021-ci ildə Türkiyə qadın liqasının final mərhələsini izləmək üçün Antalyaya gəldiyi zaman tanış olmuşam. Sonrakı dövrdə onun Türkiyə Superliqasındakı fəaliyyətini və uğurlarını yaxından izləmişəm.

Ümumiyyətlə, onunla görüşüb hansı müzakirələri aparmısınız?

- Azərbaycana gəldiyim ilk gündən etibarən Siyasət müəllimlə sıx təmasdayıq. Onun qadın futbolunun bütün səviyyələrində təcrübəsinin olması mənim üçün çox dəyərlidir. Əsasən qadın futbolunun inkişafı, liqaların mövcud vəziyyəti, A milli komandanın oyun fəlsəfəsi, aşağı yaş qruplarının inkişafı və regionlardakı vəziyyətlə bağlı fikir mübadiləsi aparırıq.

Perspektivdə qadın futbolumuzu nə gözləyir?

- Milli komandalar və klublarda daha sistemli inkişaf, infrastrukturun gücləndirilməsi və liqaların keyfiyyətinin artırılması əsas istiqamətlərdir. Regionlarda qadın futbolunun geniş yayılması, klubların peşəkar struktura keçidi və milli komandaların müntəzəm beynəlxalq təcrübə qazanması bu inkişafın əsas sütunları olacaq. Ən vacibi isə qız uşaqları üçün daha çox imkanların yaradılması, seçim imkanlarının genişləndirilməsi və sağlam inkişaf mühitinin təmin olunmasıdır. Bu addımlar nəticəsində həm klub, həm də milli səviyyəsində daha rəqabətli qadın futbolu sistemi formalaşacaq.

AYXAN