"Felipe Santos Musanı vurmuşdu, ona görə də meydandan qovuldu"

"Qarabağ"ın kapitanı Bədavi Hüseynov "Mediasport"a müsahibə verib.
Əvvəlcə Premyer Liqanın son turunun "Araz-Naxçıvan"la oyunu haqda fikirlərin maraqlıdır.
- Bilirdik ki, "Araz-Naxçıvan" yaxşı komandadır, yaxşı da müdafiə olunmağı bacarırlar, sürətli əks-hücumlara çıxırlar. Fikrimcə, oyun planında biz rəqibdən daha üstün idik. Düzdür, rəqibin yaxşı əks-hücumları oldu və fürsətlərin birindən də istifadə etdilər. Ümumilikdə oyun bir az əsəbi alındı. Amma bu cür matçlar bizim xeyrimizədir. Maksimum gücümüzü meydanda qoyduq. Yaxşı və vacib görüşdə 3 xal əldə etdik. Komandamızı, azarkeşlərimizi tərbik edirəm.
Oyundan sonra mətbuat konfransında Qurban Qurbanov da dedi ki, rəqib əvvəldən aqressiya nümayiş etdirirdi. Səncə, bunun səbəbi nə idi?
- Felipe Santos daim bizim oyunçuları təxribata çəkirdi. Demək olar ki, istəyinə də çatdı. Nə istəyirdisə, sanki biz də ona "verdik". Bəzən xarakter də göstərmək lazımdır, rəqib bilsin ki, biz asanlıqla təslim olmayacağıq. Həmin epizodda məncə, Yassin Benzia doğru davrandı. Santos Musa Qurbanlını vurmuşdu, ona görə də meydandan qovuldu. Emosiya yaxşı şeydir, amma rəqibi vurmaq olmaz.
"Qarabağ"la müqavilən başa çatmaq üzrədir, nə fikirləşirsən?
- Yayda başa çatacaq. Bu haqda danışıb qərar verəcəyik. Görək nə olur.
Fikrin nədir, qalmaq istəyirsən?
- Əlbəttə, bura mənim evimdir, özümü çox yaxşı hiss edirəm. Başqa yerə getmək haqda düşünmürəm də. Təbii ki, hər şey baş məşqçidən asılı olacaq. Hələ danışıqlara başlamamışıq.
Səncə, yeni mövsümdən legioner limitinin ləğvinin yerli futbolçulara təsiri necə olacaq?
- Bu haqda çox danışılıb, bir az çətin mövzudur. Məsələyə müxtəlif prizmadan baxmaq olar. Əsas bilirsiniz nədir? Keyfiyyətli legionerlər gəlsinlər buraya. Çempionatımızı gücləndirəcək legionerlər transfer edilsin. Vacib olan budur. Əlbəttə, heç kim rəqabətdən qorxmur, çəkinmir. Düşünməli məsələlər var. Amma komanda sayını artırmaqları çox yaxşı oldu. Yerli uşaqların da oynayacağı yerlər olsun.
Qarşıda milli komandamızın iki yoxlama görüşü var, Haiti və Belarusla oyunlar üçün dəvət gözləyirsən?
- Bəli, buna tam hazıram. Bizim üçün vacib oyunlardır. İndi keçmişdə olanları unutmaq lazımdır, yeni mərhələ başlanır. Dünya çempionatının seçmə qruplarında güclü rəqiblərimiz var. Yoxlama görüşləri üçün seçilən bu komandalar yaxşı rəqiblərdir. Əsasən Haiti yığmasını qeyd edərdim, güclü rəqibdir, tanınmış oyunçuları var. Biz də artıq qələbələr qazanmalıyıq. Çünki çoxdandır ki, qalib gəlmirik. Daha inamlı olmalıyıq. Yaxşı rəqiblərdir, pynamaq olar. Fikrimcə, bu matçlar xeyrimizə işləyəcək.
Millimizin oyunları həmişəkindən fərqli, bu dəfə fərqli arenalarda - Sumqayıt və Masazır stadionlarında keçiriləcək. Səncə, bunun komandaya nə qədər xeyiri olacaq?
- Bəli, məncə, təsiri olacaq. Yaxşı stadionlarda oynayacağıq. Sumqayıtdakı görüşdə çox azarkeş olacağına inanıram. Masazırda da az oynamamışıq. Fərqlilik lazımdır. Rayonlarda da oynamaq olar ki, stadiona daha çox azarkeş gəlsin. Azarkeşləri sevindirmək istəyirik.
AYXAN