“Mənim qabağımdan STOP işarəsini Qurban Qurbanov götürdü” - ASİF MƏMMƏDOV

O həmişə açıq danışığı və mərdliyi ilə seçilib. Hətta bu mərdlik Vətən Müharibəsində onu cəbhəyə də aparıb.
Azərbaycanda heç bir futbol həvəskarı Asif Məmmədov haqda mənfi fikir səsləndirə bilməz. İstedadlı olub və meydanda döyüşkənliyi ilə seçilib.
Müharibə vaxtı düşməni güllə atəşinə tutan bir adamı mən “sual atəşinə” tutmalı oldum.
Dünyaya Ağdamda göz açmısan. Uşaqlıq illərini necə xatırlayırsan?
– Az da olsa, Ağdamdakı yşaqlıq illərimi xatırlayıram. 7 yaşımda doğma yurdumu tərk etmişəm. Ondan sonra qaçqınlıq həyatı və Dərnəgül qəsəbəsində məskunlaşmaq… Yataqxana həyatımız çox çətin keçdi. 5 nəfərlik ailə üzvü və bir balaca otaq. Təsəvvürə gətirmək çətindir.
Ağdamda da futbol oynayırdın?
– Abdal-Gülablıda düz bizim evin qarşısında kəndin stadionu var idi. Amma orada futbol oynamamışam. Bu oyunla Bakıda məşğul olmuşam. Təbii ki, məhəllə futbolu ilə. Bu oyunun sirləri ilə Uşaq-Yeniyetmə Futbol Məktəbində tanış olmuşam.
Abdal-Gülablıdansansa, deməli xanəndə Səxavət Məmmədovla eyni kənddənsən. Qohumluğun çatır?
– Bəli, eyni kənddənik. Belə baxanda kənd hamısı bir-birinə qohumdur.
Həm də soyadınız eynidir, ona görə maraqlı gəldi…
– Eyni nəsildən deyilik. Anam Abdaldan, atam isə Gülablıdandır. Səxavət Məmmədov Abdaldandır.
Müharibə dövründə atışmaları xatırlayırsan? Oranı necə tərk etdiniz və s…
– Əlbəttə ki, xatırlayıram. Bizim kənd Xocalı, Əsgəran və Xankəndiyə daha yaxın idi. Ən birinci vurulan kəndlərdən biri də bizim kənd idi. Topun və Qradın səsi, sığınacaq tapdığımız yerləri yaxşı xatırlayıram. Köçdüyümüz anlar da yadımdadır. Babam gəlib bizi götürdü, hər şeyi yük maşınına yüklədik, atamla anam orada qaldı, qardaşımla mən kənddən çıxdıq.
Niyə məhz Bakı? Çünki başqa bölgələrimizə köçənlər də olub…
– Orasını dəqiq bilmirəm. Yəqin ki, atam kəndin sovetliyində işlədiyinə görə belə alındı. Çünki onlar Bakıda məskunlaşdı. Amma babam Beyləqana köçdü. Mən əvvəlcə qardaşımla orada yaşamalı oldum. Sonradan Bakıya atamla anamın yanıına köçdük.
Qohumlarından döyüşən və ya şəhid olan var idi?
– Ağdamda elə bir ev yox idi ki, oradan şəhid çıxmasın. Bibimin yoldaşı, atamın əmisioğlu şəhid oldu.
İlk peşəkar klubun “Ədliyyə” olub?
– Yox, o vaxt birinci liqada mübarizə aparan SAF komandası var idi. Haradasa 6 ay orada oynadım. Şirkət sponsorluğu ilə oynayan komanda idi də, bilinirdi ki, gəldi-gedərdi. Doğrusu, elə o vaxt məni “Qarabağ” da istəyirdi. Onda Ağdam klubunu Şahin Diniyev çalışdırırdı. Şahin müəllim klub rəhbərliyi ilə də görüşdü, amma deyəsən, mənə görə çox pul istədiklərinə görə gedə bilmədim, bir az keçdi, bu klub da dağıldı.
“Qarabağ”a keçə bilmədin, amma “Ədliyyə”yə qismət oldun…
– Bu, mənim əsgərlik dövrümlə əlaqəli idi. Həmin vaxt məni MOİK də istəyirdi. Həmin vaxt “Ədliyyə”ni Əfqan Talıbov çalışdırırdı. O, həm də U-19 millisində köməkçi-məşqçi idi. Mən U-19-a cəlb olduğuma görə Əfqan müəllim məni öz sərəncamında görmək istəyirdi. Dedi ki, “narahat olma, bizdə hər cür şərait var”. Yaxşı ki, bu komandanı seçdim, mənim üçün uğurlu oldu. “Ədliyyə”nin heyətində əsas liqada 9 qol vurdum. Yaşıma görə bu çox yaxşı göstərici idi. Buna görə çox komanda əsgərlikdən sonra məni transfer etmək istəyirdi. Xüsusən də “Xəzər Lənkəran”ı çalışdıran Ağasəlim Mircavadov daha israrlı idi. Elə oldu ki, biz elitanı tərk etdik. Klubun strukturu bir qədər dəyişdi, elə oldu ki, artıq əsgər kimi xidmət göstərməyə başladım. Həm futbolçu idim, həm də xidmət edirdim. Gündüzlər futbolçu, gecələr əsgər idik. Orada da qalırdıq, əsgər yeməkləri, forma, çəkmə. Sadəcə, digər əsgərlərdən fərqli biz gündə 3 saat məşq etdikdən sonra sıraya qayıdırdıq. Dərnəgül yolunda “Ədliyyə” stadionu var, orada məşq edirdik. Həmin mövsüm 1-ci liqada 28 qol vurdum. Bəlkə də əsgərlik həyatı olmasaydı, daha yaxşı formada olardım. MOİK-də belə çətinlik yox idi, onlar evdə qalırdı. Biz elitada oynayanda 10 ay evdə qalırdıq, sonra belə çətinlik oldu.
“Ədliyyə”dən sonra “MKT-Araz”…
– Orada 6 ay oldum. Müəyyən çətinliklər yaşadım, cavan idim, böyük klub, ağır məşqlər. İqor Nakoneçnının dövrü idi. Həmin komanda çempionluğa oynayırdı. Nəzərə alaq ki, baş məşqçi də ukraynalı idi və onların da öz üslubu var idi. Cavan oyunçuya güvənmək onlar üçün bir qədər riskli idi. Meydana az çıxırdım. Sağ olsun, Ramiz Məmmədovun israrı ilə 2007-ci ildə “Qəbələ”yə keçdim. Onda komandanın adı “Gilan” idi. Burada olanda da hər şey mənim üçün əla idi. Döyüşdük və komandanı yüksək liqada qoruduq. Amma həmin vaxt “Qəbələ”nin çempionatda qalmağı sual altında idi. Komanda 10 gün qalmış yığıldı. Elə oldu ki, “MKT-Araz” dağıldı, “Qəbələ” qaldı. Qeyri-müəyyənlik şəraitində mən çox gözləyə bilmədim. Ramiz müəllim çox israr etdi, mən də 10 gün qaldığına görə gözləyə bilmədim, “Standart” komandasına keçdim. Bu komandada çıxışım pis alınmadı. Onda bu komandanı Yunis Hüseynov çalışdırırdı. Daha sonra Kaxaber Sxadadze gəldi. Uğurlu mövsümdən sonra 2008-ci ildə “Qarabağ”da Rasim Kara məni transfer etmək istədi. Hətta gedib oturub söhbət də etdim. Sadəcə, maliyyə məsələsində razılığa gələ bilmədik.
İstədiyindən az verirdilər?
– Bəli. Bir az çətin şəraitdə yaşadığımıza görə mən həmin vaxt pulu fikirləşdim. Pulum olsaydı, futbolda nə işim var idi?! Yaxşı dolanmaq və yaxşı yaşamaq üçün pul qazanmalı idim. Ona görə də daha çox pul verən “İnter”i seçdim. Onda da bu klubu Valentin Xodukin çalışdırırdı. 2015-ci ilə qədər bu komandada qaldım. Sonra “Qəbələ”yə qayıtdım. “Qəbələ” əslində məni əvvəl də istəyirdi. Fariz müəllim (F.Nəcəfov) məni çoxdan tanıyırdı. Sonra Səbuhi Səfiyarlı ora getdi. Muntyanunun vaxtında da bura keçə bilərdim, amma olmadı…
“İnter”də də Kaxaber Sxadadzenin başçılığı altında oynamısan. Bu səviyyəyə yüksəlməyində onun nə dərəcədə rolu olub?
– Çox böyük rolu var. O biri məşqçilər məndən inciməsin, futbolu necə oynamaq lazımdır, necə qərar qəbul etmək olar, mən bunu Kaxadan öyrənmişəm. Texnika deməyim, taktiki cəhətdən necə oynamalısan, necə çox qaçmadan lazım olan yerdə qərarlaşmalısan, bunları o mənə başa salıb.
“Xəzər Lənkəran”a necə keçdin bəs?
– Həmin vaxt təzə ailə qurmuşdum, bir az darıxdım, həm də uşaqlıq etmişdim. Hansısa bir oyundan sonra gəlib məhəlləmizdə futbol oynayarkən ayaq sümüyüm çatlamışdı. Amma düzünü deyim ki, Lənkəranda Mirça Redniki də çox bəyənmişdim. Ümumiyyətlə, o da mənim ən yaxşı məşqçilərimdən biri idi. Təxminən 10 məşqçi ilə işləmişəm, Rednik bu siyahıda 3-4-cü yerdə qərarlaşar. Əslində, mən “İnter”də idim. Sadəcə, komandamız çempion olduqdan sonra Ağasəlim Mircavadova söz verdiyimə görə “Xəzər Lənkəran”a keçdim. Amma onu da deyim ki, səhv addım idi. Hətta Sxadadze də demişdi ki, ən yaxşı müqaviləni səninlə bağlayacağıq. Sadəcə, söz vemişdim deyə getdim və buna görə də peşman oldum. Doğrusu, Lənkərana pula görə getməmişdim. Burada “İnter”dən daha az pul alırdım.
2015-ci ildən “Qəbələ”dəsən. Bu komanda sənin üçün nə deməkdir?
– Bunu sözlə ifadə etmək çətindir. Bu klub mənim həyatımda çox şeyi dəyişdi. Bu şəhərdə özümə çox yaxın dostlar tapmışam. 20 il Bakı, 11 il Qəbələ sakiniyəm, amma mənim Bakıda Qəbələdəki qədər tanışım yoxdur. Klub olaraq gözəl rəhbərlik, gözəl şərait, bir sözlə, futbol oynamaq üçün hər şey mövcuddur. Futbol oynamaq istəyirsənsə, Qəbələni seçməlisən. Başqa klublarda baş verənləri görürük də… Buranı tanımaq üçün gərək burada da yaşayasan! İndi mən bunları deyirəm, insanlara elə gələr ki, burada qalıram deyə, bu sözləri dilə gətirirəm, amma bu reallıqdır. Bu sözləri “İnter”ə də aid edə bilərəm. Orada da gözəl kollektiv var idi.
Heç Qəbələdə ev və yaxud torpaq sahəsi almısan?
– Ən böyük səhvim odur ki, burada özümə ev almamışam. Amma torpaq sahəm var…
“Qəbələ”nin ardıcıl 2 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanması nəyə desən dəyər. Bu klubun nəticələri göz önündədir. Amma cəmiyyət arasında belə bir fikir formalaşıb ki, Qəbələ futbol şəhəri deyil…
– Razı deyiləm. Bilirsiz necədir, orada adi kənd çempionatı keçirilir, Allaha and olsun, yarış məkanında bilirsiniz nə qədər adam olur?! Bəlkə də komandada qəbələli uşaqlar oynamır deyə, stadiona az adam gəlir. Heyətdə 5 qəbələli olsa, onun hərəsinin 15-20 qohumu gəlsə, xeyli adam edir. Əslində, biz avrokuboklarda oynayan dövrlərimizdə stadion dolurdu. Bu mövsüm də “Kəpəz” və “Zirə” ilə oyunlarda xeyli adam var idi. Həmişə demişəm ki, stadionda birinci qolu tamaşaçı vurur, daha sonra komanda oynamağa başlayır. Çox istərdim ki, bizi dəstəkləsinlər. Yəqin ki, təbliğatda problem var. Bu problemi düzəltmək lazımdır. MDB oyunları üçün də şəhəri xeyli dəyişiblər. Ümid edirəm ki, bu, təkan olar.
Bir ağdamlı kimi indiyə qədər “Qarabağ”da oynamamaq ürəyini sızıldadır? Zarafat deyil, 40 yaşın içindəsən, amma bu şansı əldə edə bilməmisən…
– Mənim Bakıdakı yeniyetməlik illərimdə bir “Neftçi” azarkeşləri var idi, bir də biz “Qarabağ” azarkeşləri var idik. Mənim ürəyimdə həmişə “Qarabağ” sevgisi olub. 1993-cü ildə biz Baklıya köçəndən “Qarabağ”ın Sumqayıtdakı bütün ev oyunlarına gedirdik. Bakıdakı oyunlar da daha heç də. Biz Dərnəgül qaçqınları hər yerdə “Qarabağ”ı dəstəkləyirdik, hətta dava da salırdıq. Bizim “Neftçi” ilə oyunlarımız çox maraqlı keçirdi. Mənim kimi belə bir adamın “Qarabağ”da oynamaq istəməmişəm” sözü inandırıcı çıxmaz. Hətta indinin özündə də “Qarabağ”ın bütün oyunlarına həyacanla baxıram.
“Qarabağ”a təxminən nə qədər qol vurmusan? Ümumiyyətlə, bu oyunlarda özünü necə hiss edirsən?
– Haradasa, 3-4 qol vurmuşam. Bu komandaya qarşı oynayırsansa, deməli, ikiqat hazırlaşmalısan. Hər bir futbolçu istəyər ki, “Qarabağ”a qarşı yaxşı oynasın. Bu klub son 10 ildə bütün dünyada diqqəti öz üzərinə çəkə bilib. Düzdür, bu indi mənə yox, daha çox gənclərə aiddir. Amma onlarla oyunda özünü göstərən oyunçular digər klubların da diqqətini cəlb edəcək.
Səndən başqa tanınmış hansısa bir ağdamlı futbolçu var ki, heç “Qarabağ”da oynamayıb?
– Mən bilən Cəmşid Məhərrəmov oynamayıb, amma komandaya cəlb olunmuşdu. Amma iksimiz birgə “Qarabağ”ın aşağı yaş qruplarında çıxış etmişik. Mən özüm Şahin Diniyevin vaxtında hazırlıq matçında meydana çıxmışam, hətta qol da vurmuşam.
Azərbaycan millisində cəmi 1 oyunda meydana çıxmısan. Bu, səni məyus edir?
– Mən 2010-11-ci illərdə ən yaxşı formada olduğum dövrlərdə belə yığmaya çağrılmamışam. Səbəbini deyim də: çünki mətbuata açıq olmuşam, yəni mənə sual verəndə, heç nəyi “malalamamışam”. Məndə nə varsa, odur. Heç kimdən qorxmuram, heç kimdən çəkinmirəm. Bir şeyi yalandan deyəcəyəmsə, o məni yatmağa qoymayacaq. Həmin illərdə mövsümə 25-27 oyunda meydana çıxırdım. Amma milliyə dəvət almırdım. Amma Berti Foqts Almaniyanın 5-6-cı liqasında oynayan futbolçunu çağırıdı. Mən bunu jurnalistlərə çəkinmədən deyirdim. Qələm əhlinə də belə şeyləri yazmaq lazım idi ki, senssasiya olsun. Deyirdim ki, “gərək mən də gedim 5-6-cı liqalarda oynayım ki, yığmaya çağrılım”. Foqts da mətbuatı dəhşət incələyirdi, hər şeydən məlumatı var idi, kim nə danışdı, bilirdi. Hətta həmin vaxt “İnter”in ikinci komandasından millinin təlim-məşq toplanışına oyunçu çağırırdı, məni yox. Özü də oyunçuları da tanımırdı, deyirdilər gətirirdi. “Qarabağ”dan Namiq Yusifov dəvət alıb, məşq zamanı yaxınlaşıb ki, sənin adın nədir, hansı mövqedə oynayırsan? Məni dilimə görə milliyə çağırmadılar. Prosineçkinin vaxtında da bu şansı qazanmadım. Rəhbərlik dəyişməmişdi, mən “qara siyahı”da qalırdım. Sizə bunu deyəcəm: inanmıram ki, Qurban Qurbanovdan başqa milliyə futbolçuları baş məşqçi çağırırdı. Mənim qabağımdan STOP işarəsini Qurban Qurbanov götürdü. Çünki onun işinə müdaxilə edə bilmirdilər. Bu adam heyəti özü yığırdı. Qurbanov məni Şimali Makedoniya və Belarusla yoldaşlıq oyunları üçün düşərgəyə dəvət etdi. Amma onda ağrılarım var idi, hətta bazanı tərk etmək istəyirdim. Otaq yoldaşım Səlahət Ağayev mənə dözməyi məsləhət bildi. Qurban müəllimin özünün də xəbəri olmadı, iynə ilə məşq etdim. Hansısa bir oyunda 3-5 dəqiqə bir azərbaycanlı kimi meydanda olmaq istədim. Çünki milli komanda bizim şərəfimizdir. Yalnız Belarusla oyunda meydana çıxdım.
Deyirsən ki, millidə yalnız Qurban müəllim heyəti özü qurur, bəs Santuş necə oldu ki, “Qəbələ”dəki Şahin Şahniyarovu düşərgəyə dəvət etdi?
– Şahin həmin vaxt yaxşı oynayırdı, Santuş da gəlib oyununa baxmışdı. Yəqin, ona deyiblər ki, milliyə cavan uşaq çağırmaq lazımdır, o da çağırıb da. Mən inanıram ki, Şahin öz üzərində işləyib daha yaxşı futbolçu ola bilər. O, milliyə layiq futbolçudur. Sən Azərbaycan Premyer Liqasında oynayırsansa, deməli, yaxşı futbolçusan. Hər yoldan keçən bizim çempionatda oynaya bilməz. Amma daha yaxşı olmaq üçün çox işləməlisən. Adi məşq sənə heç nə verməyəcək, sadəcə, formada saxlayacaq. Güclü olmaq istəyirsənsə, əlavə məşq etməlisən. Lazım olanda əlavə pul xərcləyib özün üçün fiziki hazırlıq üzrə məşqçi tutmalısan. Elə komandanın məşqçisi var ki, tənbəl olur. Deyir, gəlim məşqimi keçim, gedim.
Xarici klublardan təklif almısan?
– Hə, Türkiyə klubları məni istəyib. Haradasa 12-13 il əvvəl I Liqada çıxış edən “Samsunspor” mənə təklif göndərdi. Onlar həmin mövsümün sonunda Superliqaya çıxdılar. Adlarını unutmuşam, başqa klublar da olub.
Niyə getmədin?
– Çünki həmin vaxt burada maliyyə şərtləri daha yaxşı idi.
Bizim futbolçular da ictimaiyyət tərəfindən ən çox buna görə qınanır. Gürcülər belə deyil amma. Niyə beləyik?
– Nə bilim. Dədə-babadan gələn xəstəlikdir sanki. Əslində düz deyil. Bəlkə də Türkiyə yox, başqa ölkələrdən olan təklifi dəyərləndirərdim. Bilirsiz, o vaxt Türkiyə klubları bir az qeyri-ciddi idilər. Maaşı gecikdirirdilər, bəzən heç vermirdilər. Avropadan təklif gəlsəydi, fikirləşmək olardı.
Bəlkə yaxşı bir menecer sənə klub tapa bilərdi?
– O vaxtın menecerləri indiki kimi deyildi. İndiki menecerlər o vaxt olsaydı, oyunçularımızın 70 faizi legioner həyatı yaşayardı. İndi kimi çıxartsınlar, futbolçu var?! İndi millinin oyunçularını sənə versələr, sən də məcburiyyətdən eyni futbolçuları çağıracaqsan. Maksimum 3-5 nəfər fərq edər. O vaxt meydana 3 fərqli heyət çıxara bilərdin. Bilmək olmurdu ki, yığmaya kimlər çağrılacaq. Layiq olanlar da qıraqda qalırdı.
Səncə, “cırlaşma”nın səbəbi nədir?
– Futbolçu çıxmırsa, deməli düz yolda deyilik. O vaxtın futbolçuları küçə futbolundan çıxıb. İndi belə şey yoxdur. Bu gedişlə Azərbaycan futbolu olmayacaq. Bizim məşq etməyə stadionlarımız yoxdur. Stadion yoxdursa, necə futbolçu axtara bilərsən? Əvvəl hamı düşüb öz həyətində futbol oynayırdı. İndi belə yerlər yoxdur. Valideyn də uşağını aşağı düşməyə qoymur, gözünün qabağında böyüdür. Telefon da uşağın gözünün işığını azaldır, belini əyir. Belə vaxta deyir ki, düş həyətdə oyna, onda da uşaq düşmür. Əvvəllər biz evdən pomidor-çörək götürüb bütün günü həyətdə oynayırdıq. 8 saat topu ora-bura qovub evə qan-tər içində gəlirdik. Bu nəsil gedəndən sonra vəziyyət pisləşdi. İndi uşaq futbolunda bir stadionda 10 komanda məşq edir. Üstəlik, mini meydanda oynayırlar. Gürcüstanda uşaqlar 10 yaşından sonra böyük meydançada 11×11-ə oynayır. Bizdə belə bir yer yoxdur. “Şəfa”nın 4-cü meydançasında bəlkə də 50 komanda məşq edir. Birinci bu problemi həll etmək lazımdır. Məşqçi 1 saata uşağa nə öyrətsin?! Onun gecikməsi və s. nə qədər pauza olur. Əvvəllər uşaqlar məşqdən sonra məhəllədə futbol oynayırdı, indi ancaq məşqlə kifayətlənirlər. O vaxt uşaqlar oynamağı məşqdə yox, məhəllədə öyrənirdilər.
Belə vəziyyətdə “Qəbələ”nin akademiyası da fəaliyyətini məhdudlaşdırdı…
– Maliyyəyə görə. Futbolu seviriksə, federasiya pul ayırardı ki, fəaliyyətini dayandırma! Deyirlər ki, “biz “Qəbələ”yə pul ayırsaq, gərək hamıya ayıraq”. Elədirsə, onda hamı da “Qəbələ” kimi şərait yaratsın! Santuşa bu qədər təzminat ödədilər, nə dəyişdi?! Qarşıdakı 5 ildə mən milli komandadan heç nə gözləmirəm. Xarici məşqçiyə qarşıdakı illərdə böyük maaş verənə qədər burada stadionlar tik. Bu şəraiti yarat, sonra şikayətlən ki, məndən futbolçu çıxmadı. Onda futbolçu çıxmasa, bağlayaq futbolu! 3 milyon əhalisi olan bir ölkələnin 300 meydançası var. Bizim 11 milyona yaxın əhalimiz heç 11 stadionunumuz yoxdur.
Gəlib çıxdıq əsas məsələyə. Vətən Müharibəsində döyüşə də getmisən. Bir az bu haqda danışardın…
– Müharibənin birinci günü mən Ağdama yollandım. Oturdum maşına tək getdim. Orada xalamın uşaqları, rəhmətlik Müşfiq Abbasov, bir neçə gün əvvəl şəhid olan “Xanı” var idi. Biz ümumiyyətlə, həmişə oturub danışırdıq, bu torpaqları necə ala bilərik. Quzanlıda toplaşdıq, özünümüdafiə dəstəsi yaratdıq, Müdafiə Nazirliyindən təsdiq gözləyirdik. Məqsədimiz Ağdamın müdafiəsi idi. Çünki biz hücum etməsək də, düşmən tərəfdən təxribat ola bilərdi. Onlar biz tərəfə atırdılar, kəşfiyyat biz tərəfə keçirdi. Həmin vaxt şəhidlərimiz də oldu. Elə oldu ki, Ağdamda N saylı hərbi hissənin uşaqlarını döyüş bölgələrinə yolladılar, xüsusən də Suqovuşan və Cəbrayıl tərəfə. Oradan bir hissəni və könüllülərdən ibarət dəstəni saxladılar, çünki vəziyyəti nəzarət altında saxlamaq lazım idi. Biz düşmən tərəfi müşahidə etməli idik. Orada haradasa 20-yə yaxın post var idi, hər postda da 1 MAXE və ya zabit var idi. Düzü, orada mənə dedilər ki, “sən qayıt, ehtiyac yoxdur, lazım olanda gələrsən”. Mən məşqə gəlirdim, oyun olurdu, sonra 3-4 günlük yenə Ağdama gəlirdim. “Xanı” mənə tez-tez deyirdi ki, sən lazım deyilsən, xətrimi həqiqətən də çox istəyirdilər. Günlərin birində, daha doğrusu, oktyabrın 4-də düşmən təxribat etdi. Onlar biz olduğumuz posta keçdi. Biz daha çox orada axşam qalırdıq, çünki əsas problem də axşam olurdu, göz-gözü görmürdü, axşamın bir az vahiməsi var. Gündüz vaxtı rahat idi, düşməni əzərdik. Nə isə, onlar 8 nəfər olan posta hücum etdilər, 3 nəfər şəhid oldu, 2-si yaralandı. Bu əsnada biz də ora gedirik. Təəssüf ki, orada biz Müşfiq Abbasovu itirdik. Biz ora ölümə girdik, amma qabağımızda Müşfiq Abbasov var idi, arxayın idik. Heyf ki, gözümüzün qarşısında onu şəhid etdilər, bununla da elə bil ki, bizim qolumuzu qırdılar. Amma yenə də Vətən sağ olsun! Ola bilər ki, orada 3 yox, 10 nəfər şəhid verə bilərdik. Biz məhz Müşfiqin sayəsində daha az itki verdik. Məhz döyüşkənliyimizin sayəsində düşmən geri çəkildi. Yaralılarımız da oldu, hətta onların arasında da ağır vəziyyətdə olanları var idi, biz vaxtında çatıb onları xilas etməsəydik, onlar da şəhid olacaqdıq. “Xanı” ilə Zahid müəllim köməyimizə gəldi, onların sayəsində xilas olduq.
Müharibədə döyüşdün, veteran kimi qeydiyyata düşdün?
– Biz həmin vaxt qeydiyyatda deyildik, çünki mənə “veteranlıq” lazım deyil. Mən ora buna görə getməmişdim. Biz mülki kimi gedirdik. Həmin vaxt postlara girməyənlər də var idi. Mən demirəm ki, onlar qorxdular. Amma balaları var idi, fikirləşdilər ki, ölərik, bizə şəhidlik statusu verməzlər. Mən onları qınamıram. Doğrudur, prezidentimiz hamıya şəhidlik statutusu verdi, amma həmin vaxt bilinmirdi də. Mən bunu fikirləşmirdim. Məqsəd Vətən idi!
“Xanı” ilə münasibətlərin haradan başladı?
– Elə oradan. Həmişə məni qucaqlayırdı, deyirdi “sən ki, bura gəlmisən, kişi adamsan!” Onu sözlə ifadə etmək çətindir. Onun haqqında tək mən yox, hamı xoş sözlər deyir. Əvvəllər haqqında az danışılırdı, amma şəhid olandan sonra dillərə düşdü. “Xanı” qeyri-adi adam idi. Heç nədən qorxmurdu. Böyük ürəyi var idi. Kişilik simvolu idi. Çox heyif, onun ölümündən sonra hələ də özümə gələ bilmirəm. Dəfnində də iştirak etdim. “Xanı” itiriləsi adam deyildi.
Belə odun içindən çıxan adam necə oldu ki, minaya düşdü?
– Həyatdır da, olur belə şeylər. Adam təhlükəli ərazilərdən sovuşub ötməyi yaxşı bilirdi, sanki onun beyninə siqnal gəlirdi. Onunku da oraya qədər imiş.
Fariz Nəcəfov da Vətən Müharibəsi iştirakçısıdır. Yolunuz orada kəsişib?
– Fariz müəllim müharibənin lap qızğın yerində olub. Bizim qərarlaşdığımız Ağdam müdafiə tərəfi idi.
Sən və Fariz müəllim. “Qəbələ” bir növ Qarabağ üçün döyüşən vətənpərvər komanda sayılır. Başqa komandada oynasaydın, oradan sənə icazə verərdilər?
– Məncə, verərdilər. Amma verməsəydilər, yenə gedərdim. Nə olacaqdı ki, uzaqbaşı komandadan çıxaracaqdılar.
Futbolinfo.az