Azərbaycan boksçuları Avropa birinciliyini 22 medalla başa vurdu

Azərbaycan boksçuları Avropa birinciliyini 22 medalla başa vurdu

Azərbaycan boksçuları Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyini 3 qızıl, 10 gümüş və 9 bürünc medalla başa vurublar.

"Mediasport" xəbər verir ki, Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq) və Zirəddin Rüstəmli (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.

Yalnız finalda uduzan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) gümüş mükafat əldə ediblər.

Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medala yiyələniblər.

Yığma bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Rusiya boksçuları birinci olublar.

Millimiz qitə birinciliklərində rekordlarını da yeniləyib. Komanda Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub.

Bunadək boksçularımız analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.

Qeyd edək ki, yığma indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçumuz Avropa çempionu tituluna sahib olub.