"Avropa çempionatında tarixi qələbə əldə etdik" - Elbrus Rzayev

"Avropa çempionatında tarixi qələbə əldə etdik. Çempionat yüksək səviyyədə təşkil olunmuşdu".
"Mediasport" xəbər verir ki, bu sözləri oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev deyib.
Mütəxəssis Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatının nəticələrini dəyərləndirib.
O, milli komandanın yarışda inamlı çıxış etdiyini bildirib:
"33 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırdılar. Komandamızın üzvləri yarışda çox yaxşı çıxış etdilər.
Bilalhəbaşi Nəzərov (50 kiloqram) Azərbaycan boks tarixində ilkə imza atdı. O, yerli gənclər arasında 2-ci dəfə Avropa çempionu titulunu qazandı.
Oğlanlarla yanaşı, qızlarımız da özlərini yaxşı tərəfdən göstərdilər. Gümüş və bürünc mükafata yiyələndilər.
Növbəti yarışlarda da yaxşı çıxış etməyə və medalların sayını artırmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan boksçuları turniri 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medalla başa vurublar.