Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşdi - FOTO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.
Bu barədə "Mediasport"a AKAF-ın mətbuat xidmətindən məlumat verilib.
İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar və qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında K2 500 metr məsafədə Elmir Tarverdiyev – Mustafa Vəlizadə cütlüyü, K1 500 metr məsafədə Mustafa Vəlizadə, K2 1000 metr məsafədə Tahir Mövsumov – Sənan Cəfərzadə tandemi, C1 500 metr məsafədə Fəxri Sadıqlı, C1 1000 metr məsafədə isə Vaqif Mustafazadə çempion olublar.
Həmçinin K2 500 metr mix yarışında Mustafa Vəlizadə – Gülay Cümşüdlü cütü finişə birinci çatıb. Eyni yaş qrupunda qızlar arasında K1 500 metr məsafəyə yürüşdə Darina Xayretdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində K1 500 metr məsafədə Əlimurad Hacızadə, C1 500 metr və C1 1000 metr məsafələrdə Hüseyn Səmədli, K1 1000 metr məsafədə İvan Vorobyanski, K2 500 metr məsafədə Tengiz Qaqnidze – Qiyas Əhmədov tandemi, 2x1500 metr məsafədə isə Azər İlyasov – Tunar Məmmədzadə cütlüyü birinci olublar.
2012-2013-cü il təvəllüdlü avarçəkənlər arasında K1 500 metr məsafədə Yunus Əhmədov, K2 500 metr məsafədə Mehdi Mehdizadə – Yunus Əhmədov cütü, 2x1000 metr məsafədə isə Yusif Əliyev – Zahid Əmiraslan cütlüyü bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar "Mingəçevir Reqatası" beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaqlar.






