"Prezident Kuboku" beynəlxalq reqatasının rəsmi paradı keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı baş tutub.
"Mediasport" xəbər verir ki, Mingəçevirdə təşkil olunan tədbirdə Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak ediblər.
Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.
Şəhər sakinlərinin böyük coşqu ilə qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub.
Saat 19:00-dan etibarən isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək.
Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.
Xatırladaq ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də yekunlaşacaq.
