BİABIRÇILIQ! Oyuna girmək istəyən futbolçunun forması oğurlandı, meydana çıxa bilmədi

Azərbaycan futbolunda kuryoz, gülməli, ağlamalı, biabırçı hadisələr səngimək bilmir.
Xüsusən yarımpeşəkar 2-ci Liqada bir-birindən inanılmaz hadisələr yaşanır.
Bir komanda oyuna gəlmir, digəri meydanı qardan təmizləmir...
Belə xoşagəlməz olaylardan biri son turun "Quba Haypers" - "Şəmkir" qarşılaşmasında qeydə alınıb.
Qonaq komandanın 2:1 hesablı qələbəsinin rəsmiləşdiyi Quba Olimpiya Kompleksinin stadionunda sözün əsl mənasında biabırçılıq baş verib.
Öz də oyunun AFFA nümayəndəsi Emin Cəfərov, hakim inspektor Vüsal Əliyev və dördüncü hakim Niyaz Əhmədovun gözləri qarşısında.
Deməli, matçın gedişində "Şəmkir"in heyətində meydana daxil olmaq istəyən 21 nömrəli futbolçu Məmməd Məmmədovun maykası yoxa çıxıb.
Ehtiyat skamyada oturan 20 yaşlı yarımmüdafiəçinin futbolkası anidən oğurlanıb. Necə oğurlanıbsa, gördüm deyən olmayıb. Nəticədə ehtiyat forması olmadığı üçün Məmmədov meydana çıxa bilməyib.
Qərb təmsilçilərinin məşqçilər korpusu, administratoru hadisə barədə AFFA nümayəndəsini məlumatlandırsa da, Emin Cəfərov müraciətləri qulaqardına vuraraq məsələ ilə maraqlanmayıb.
Ümumən gərgin məcrada keçən, Quba klubundan iki futbolçunun qırmızı vərəqə aldığı oyunda meydan sahibi kollektivin azarkeşləri də təxribata əl atıblar.
Bununla bağlı "Mediasport"a üz tutan "Şəmkir" klubunun rəsmisi Elşad Mirzəyev deyib ki, illərdir futbolun içində olsa da, belə biabırçılığın ilk dəfə şahidi olub:
"17-18 ildir futboldayam, hələ belə şey görməmişdim. Qubada bizim komandaya qarşı əsl təxribat hazırlanmışdı. Oyunun gedişində texniki zonada oturan futbolçumuzun forması oğurlandı, meydanda rəqib futbolçu oyunçumuza konkret kəllə vurdu, daha sonra azarkeşlər çox pis sözlərlə, söyüşlərlə baş məşqçimiz Vüqar Nadirovu təhqir etdilər...
İnanılmaz idi, indiyə kimi heç vaxt belə olayın şahidi olmamışdım. Hətta klubumuzun rəhbərliyi tribunaya yaxınlaşıb azarkeşlərdən xahiş etdi ki, ayıbdır, belə söyüşlər olmaz, biz qonağıq və.s. Məhəl qoyan olmadı. Sağ olsun baş məşqçimiz, o təhqirlərə zərrə qədər reaksiya vermədən paltardəyişmə otağına yollandı. Bu, Azərbaycan futbolu adına bir utanc idi".