"Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram"

"Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram"

“Komandamızın böyük potensialı var”

"Mediasport" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis Qəbələ şəhər stadionunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan sonra fikirlərini bildirib:

“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik.

Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var.

Göstərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

Qeyd edək ki, U-17 millimiz toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.