Şakir Şəkəroviç, Samir Abasov və dütdülü - VİDEO

"Ehh, Surxayzadə. Nə qoyub-nə axtarırsan. Dünyanın işinə bax, gör məni nə ilə təbrik edirlər, dütdülü ilə..."
Xalq şairi Anarın ssenari müəllifi olduğu "Evləri köndələn yar" teletamaşasında Şakir Şəkəroviçlə (Səməndər Rzayev) Surxayzadənin (Yaşar Nuri) məşhur nərd səhnəsinə düzəlişlərlə "Neftçi" və Premyer Liqanı eyniləşdirsək, epizod sanki "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun əyninə biçilib.
Mövsümün əvvəlində heyəti, demək olar, tamamilə yeniləyən, 15-dən çox legioner gətirən Abasovun bu gün təsəllisi yaxşı oyundur (özü deyir). Hansı yaxşı oyundan söz gedirsə, orası da açıq mübahisə mövzusudur.
Ölkənin adlı-sanlı, nüfuzlu iki komandasından birinin 6 oyuna yalnız bir qələbə qazanması, 540 dəqiqəyə cəmi 3 qol vurması, hardan baxsan, haqq qazandırıla biləcək vəziyyət deyil, Şakir Şəkəroviç (Samir Abasov).
Yaxşı oyuna, bol qol epizodlarına görə adama sağ ol demirlər. "Neftçi" bu gün "sağ ol"a işləyəcək komanda da deyil.
Bu gün Samir Abasov üçün yaradılmış şərait başqa birinə verilsəydi, qrafada azı 10 xalı olardı.
Bugünlərdə azarkeşlərdən biri qəşəng şərh paylaşmışdı, "Samir Abasov yeganə məşqçidir ki, əla danışmağı var, vəssalam".
Hər ötən tur itirilən xallardan sonra babat danışır, özünü Okan Buruk, komandasını "Qalatasaray"la-filan müqayisə edir, "Neftçi" isə 8-ci pillədən yuxarı qalxa bilmir.
Hər itirilən xal isə "ağ-qaralar"ı qaranlıq gələcəyə aparır. Sanki bu iş Samir Abasovla olmayacaq. Olana oxşamır.
Ötən mövsüm əlində konkret bəhanələr vardı, heyəti o qurmamışdı, haqq vermək olurdu. Bəs indi, Şakir Şəkəroviç? Yalnız yaxşı oyuna görə təbrik və fəxrlə təsəlli tapırsınız?
Nəticələrə bir daha boylansaq, belə çıxır ki, etdiyiniz transferlərin heç biri "Neftçi" səviyyəsində futbolçu deyil! Xüsusilə yüksək maaşa oynayan legionerlər ümidləri zərrə doğrultmursa, ya belədir, ya da siz bu işi bacara bilmirsiniz!
Vurulan 3 qoldan ikisinin müəllifi neçə ildir heyətdə olanlardır - Emin Mahmudov və Ağadadaş Salyanski. Daha onda bu qədər transfer, legioner kimə lazım idi?
Daralan müddətdə nəyi və kimləri bəhanə edəcəksiniz? "Neftçi" rəhbərliyi bu gedişata nə qədər davam gətirəcək, sizə nə qədər şans verəcək - artıq ipdən asılı məqamlardır.
Hər halda ip də dəmirdən olmur, qırılacağı an məsələsidir. Boş danışıqlar azarkeşi doyurmur. Yəqin, rəhbərlik də xoşhal deyil heç.
Elvin ƏHƏD