"Əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var"

"Əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var"

"Mediasport" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ"ın prezidenti Tahir Gözelin "Dinamo" (Kiyev) oyundan sonra verdiyi müsahibəni təqdim edir.


Oyun haqqında nə deyə bilərsiniz?

- Möhtəşəm bir oyun keçdi. Fürsətlərimiz də çox idi, bir neçəsini dəyərləndirə bildik. “Dinamo” çox böyük, dünyada tanınmış bir komandadır. SSRİ dövründə 13 dəfə çempion olublar. Çox arzulayırdım ki, qələbə qazanaq. Şükürlər olsun, bacardıq. Çox sevincliyəm.

Sizcə, yenilənməkdə olan komandanın tam formalaşması prosesi yekunlaşıb?

- Keçən dəfə mən arzuladığımı bir daha təkrar edirəm. Siz də görürsünüz ki, “Qarabağ” hər oyunda daha da güclənir. Hətta dəqiqələr belə fərq yaradır. Bu komanda möhtəşəm komandadır. Mükəmməl bir heyət yığılıb. Bir az vaxt lazımdır. Bir neçə oyun... Ondan sonrakı oyunlarda daha çox inamlı bir komanda görəcəyik.

Yeni transferlər olacaq?

- Hesab edirəm ki, hələ də çatışmazlıqlar var. Yenə də axtarışdayıq. İki futbolçuya ehtiyacımız var. Biz çox iddialıyıq, komandaya tam rəhbərlik dəstəyi var. Hər şey Qurban hocanın fikrindən asılıdır. Amma tam əla səviyyəyə çatmaq üçün məncə, iki oyunçuya ehtiyacımız var".

Ötən mövsüm demişdiniz ki, komanda Konfrans Liqasında mübarizə aparsa, ən az finala qədər irəliləyər...

- İnşallah. Mən bu komandaya həqiqətən inanıram. Bugünkü “Qarabağ”ın oyununa, keyfiyyətinə baxdınızmı? Bu artıq doğrudan da Avropa səviyyəsində bir oyundur. Bizə zaman lazımdır. İki-üç oyun keçəndən sonra hər şey tamamlanacaq".