Fasilə bitdi, SEYRƏ DAVAM - "Qarabağ" çox acımasız olacaq
"Qarabağ" mövsümün qalan hissəsinə artıqlaması ilə hazırdır.
Bunu yalnız yoxlama oyunlarındakı nəticələr demir. Həm də ağdamlıların sərgilədiyi top-səviyyə futbol belə düşünməyə əsas verir.
Antalyada müxtəlif Avropa ölkələrinin komandaları ilə baş tutan 3 yoxlama matçında rəqib qapılarına vurulan 9 qolu da sabitlik istiqamətində əsas saymaya bilərik, ancaq düşərgədəki nizam-intizam, hazırlılıq və psixoloji vəziyyətin yüksək həddi xüsusilə Azərbaycan Premyer Liqası təmsilçiləri üçün həyəcan siqnalıdır.
Əminliklə deyə bilərik ki, bu gün Qurban Qurbanovun qvardiyasında yer alan oyunçularda enerji, istək, hazırlıq cüzi istisnalarla pik həddədir.
İçi qış çempionu "Sabah" qarışıq Azərbaycanda mövsümün qalan hissəsində "atlılar"ın qarşısında hansısa rəqibin dayana bilmək, əzələ nümayişi ehtimalı 3-5 faiz ola, ya olmaya.
İndiyədək Çempionlar Liqasında irəliləmək əsas hədəf olduğundan Premyer Liqaya maksimum diqqət ayırmayan komanda yanvarın 22-dən - "Ayntraxt"la Bakıdakı oyundan sonra acımasız olacaq. Bunu bir yerə yazın.
Almanlarla matç ağdamlılar üçün ÇL-də bütün sualların cavabı olacaq və yanvarın 23-də isə Azərbaycan Premyer Liqası qaldığı yerdən davam edəcək.
Ümumən heyətdə nominal hücumçu qıtlığı yaşansa da, Kadi və Yankoviçin yenidən sıraya dönməsi, Xoni Montielin artan temp üzrə pikə doğru addımlaması istənilən rəqibin kabusuna çevriləcək.
İnanmırsızsa, adicə yoxlama görüşlərinin videoyazılarına baxın.
Qısa və konkret: 3 ay sonra görüşərik.
Ayxan
