"Liverpula"la bir daha qarşılaşsaq, daha yaxşı oynayarıq, əminəm"

"Liverpula"la bir daha qarşılaşsaq, daha yaxşı oynayarıq, əminəm"

"Əfsuslar olsun, böyükhesablı məğlubiyyət oldu, istəməzdik. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasında növbəti tarixi uğura imza ataraq pley-offa yüksələn Ağdam klubunun çalışdırıcısı "Liverpul"la matç haqda danışıb:

"8 oyunu təhlil etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, risk etdik. Azından pley-offa vəsiqəni haqq etdik.

Bu gün daha yaxşı oynaya bilərdik. Oyunumuz bu deyil. Daha yaxşı komandayıq. Hər bir halda layiqli məğlub olduq. Amma layiqli də "24-lük"də olduq.

Futbolçuları və xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, "24-lük"də olaq. Oyunlar getdikcə daha qəlizləşir, rəqiblər güclənir. Qarşıda daha böyük oyunlar var. Çalışacağıq ki, qarşıdakı oyunlara düzgün hazırlaşaq. Həmkarım Arne Slotu və komandasını təbrik edirəm.


Potensial rəqiblər məlumdur. Fikirləriniz nədir?

- Gözləyəcəyik. Hər ikisi (PSJ və "Nyukasl") özünəxas oyun üslubu ilə seçilir. Hansı düşsə, çalışacağıq, daha diqqətli olaq, yaxşı hazırlaşaq. 

"Liverpul"la bir də qarşılaşsaydınız, bu matçdan hansı nəticəni çıxarardınız?

- Daha yaxşı oynamaq. Futbolçularımı da başa düşürəm. 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər. Həm də ola bilsin, arxayınlıq var idi. 10 xalla 90-95 faiz "24-lüy"ə düşmüşdük. Hər bir halda bu stadion, bu komandanın da təsiri oldu. Bir daha oynasaq, daha yaxşı oynayarıq, buna əminəm. Futbolçularla oyunsonrası danışanda da dedik ki, bundan yaxşısını etməyə layiqik.

Futbolçular pley-offu qeyd edirlər, ya məyusdurlar?

- Yarı yarıya.

Meydanda məyus idilər...

- Normaldır. Belə də olmalıdır. Özləri də qəbul edir ki, daha yaxşı oynamalı idilər. Həm də deyəsən, oyunların hamısı başa çatmamışdı.