"Həmişə biz çempion olası deyilik ki..." - Qurban Qurbanovun şərhi
"Neftçi"ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz futbolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" ilə oyun haqda danışıb, 1:2 hesablı məğlubiyyəti şərh edib:
"Yaxşı futbol ab-havası var idi. Bizə xeyli istirahət lazımdır. 4 gündən sonra oyun olacaq.
ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də.
Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm".
Düşünmürsünüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?
- 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı olacaqlar. Ola bilər ki, rəqibə ciddiyət də vermişdi. Haqları idi.
İlk oyundakı böyükhesablı qələbə futbolçularınızda rahatlıq yaratmamışdı?
- Rahatlıq istər-istəməz olur. Maksimum çalışdıq ki, futbolçular bu haqda düşünməsinlər. Futbolçular da təcrübəlidirlər, "Neftçi"nin gücünü bilirlər, fərdi yaxşı oyunçuları var idi. Nə qədər özlərini konsentrasiya etsələr də, rahatçılıq var idi. İnsandırlar.
Montielin zədələnməsinin oyuna təsiri oldu?
- Düzdür, gözlənilməz dəyişiklik oldu. Oyundan öncə fərqli planlarımız var idi dəyişikliklərlə bağlı. Pedro Bikalyo 9 oyun dayanmadan oynamışdı .Onu meydana buraxmağa ehtiyatlanmışdıq. Montiel əvvəlki oyunda oynamamışdı. Dəyişikliklərdə düşünəlməmiş addımlar oldu.
"Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?
- Təbrik edirəm. İstənilən komandamızın uğurunu bildirməliyik. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ayyarımda çempionatın bütün oyunları..."Sabah"la üç, "Neftçi" ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq...Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır.
İkincilik də təhlükə altına düşüb. Bu sizi narahat edir?
- Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı "Turan Tovuz"a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlara mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar.
"Qarabağ"ın çempion olmamasında əsas məsələ Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi rol oynadı, yoxsa "Sabah" güclüdür?
- Bir neçə səbəb var. Baxsaq ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı "Sabah" var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan. Bəzi nüanslar var. Bunu biz normal analiz edib düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Çox komanda çox istəkli idil, o cümlədən "Sabah", "Neftçi", "Zirə". Onlar titul üçün böyük işlər görürlər. Sonda da belə nəticələr oldu. Bundan düzgün nəticə çıxararaq qarşıdakı illərə hazırlaşacağıq. Ümumi gedişatdan, futbolçularımın performansından razıyam.
Yayda "Qarabağ"da dəyişikliklər olacaq. Yeni transferlərlə bağlı danışıqlar aparırsınız? Razılığa gəlmisiniz kiminləsə?
- Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik. Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə, daha da çox geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6, bilmirəm nə qədər alınacaq. İstədiyimiz kimi olsa, işləmək asan olardı. Son anda da hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür.
Göndərməyi istədiyiniz, amma son 2-3 oyuna görə fikrinizi dəyişdiyiniz oyunçular var? Marko Yankoviç son oyunlarda daha yaxşı performans göstərir...
- Xeyr, heç bir futbolçunu göndərmək haqda düşünməmişəm. Çünki gətirilən oyunçu yoxdur hazırda. Sonda olacaq. Yankoviç çox yorulmuşdu. Hətta millidə oynayanlar çox yorulurlar. Milliyə getməyənlər heç olmasa, dincəlir. Yankoviçə istirahət verdik, formasını bərpa etsin. Ola bilər ki, bir neçə futbolçu haqda təxmini göndərmək istədiyimi bildirə bilərəm. Amma o da transferlərdən asılıdır. Futbolçuların müqavilələri var. Qarşılıqlı razılıqla olmalıdır. Yəqin ki, gedənlər də olacaq. Gələnlər də olmalıdır.
Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?
- Hələ necə var, elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var.
Sizinlə görüşmək istədiyi deyilir...
- Yox, olmayıb.
Əvəzedici heyətə göndərilsə də, orada oynamır...Maksim Medvedevlə danışmısınız?
- Yox, belə tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər.
