Millimizdən üz çevirən Hacıyev “Qarabağ”la matç haqda danışdı

Millimizdən üz çevirən Hacıyev “Qarabağ”la matç haqda danışdı

“Təlim-məşq toplanışında rəqiblərin siyahısını görəndə məni ən çox “Qarabağ”la oynamaq maraqlandırdı. Çünki Azərbaycanda doğulmuşam, vətənimdən olan komandadır"

"Mediasport" xəbər verir ki, bu sözləri Ukraynanın "Metallist 1925" komandasının azərbaycanlı futbolçusu Ramik Hacıyev deyib.

Həmyerlimiz Ağdam təmsilçisi ilə Avstriyada baş tutan yoxlama matçı haqda düşüncələrini bölüşüb:

"Onlar Çempionlar Liqasında oynayırlar, ardıcıl bir neçə mövsümdür ölkə çempionu olurlar. Belə bir komanda ilə oynamaq, səviyyələrini görmək və özümü onlarla müqayisə etmək çox maraqlı idi”.

Azərbaycan milli komandasında oynamaqdan imtina edən forvard bu görüşdə performansını şərh edib:

“Çıxışımdan razı qaldım. Hər oyunda komandaya xeyir verəcək işlər görməyə çalışıram. “Qarabağ” kimi bir komandaya qarşı bunu göstərə bilməyim məni daha da çox sevindirdi”.

Qeyd edək ki, Hacıyev xarkovluların 5:4 hesablı qələbə qazandığı matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.