"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov

"Olduqca gərgin oyun idi. Mövsümün əvvəli olmasına baxmayaraq, hər matç bizim üçün çox dinamik, sürətli və gərgin şəraitdə keçib. Bu, bir daha çempionatımızın keyfiyyətinin artmasını göstərir".
"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nın baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 5-ci turunun "Şamaxı" ilə qarşılaşması haqda danışıb. O, 2:1 hesablı qələbəni şərh edib:
"Başa düşürük ki, rəqabətə hazır olmalıyıq. Hər matçda qələbə qazanmaq nə qədər çətindir. Bu gün qalib gəlməsəydik də, oyun bizim üçün pis keçmirdi. Rəqibin müdafiəsini yarmağa çalışırdıq. Bir neçə epizodda alındı, amma istifadə edə bilmədik.
Qol buraxdıqdan sonra oyun bizim üçün çətinləşdi. Ən vacib olan odur ki, komanda tələsmirdi. Hər məşqçini belə qələbələr sevindirər.
"Şamaxı" kimi möhkəm komandaya son 10 dəqiqədə 2 qol vurmaq sevindiricidir. Futbolçularımı təbrik edirəm. Növbəti tur "İmişli" ilə qarşılaşma var. Bir oyunda məğlub olublar, onda da 90+9-cu dəqiqədə qol buraxıblar. 4 oyundur ki, qol buraxmırlar. Bizi "İmişli" ilə matç çox qayğılandırır".