AFFA Ehtiram Quliyevin haqlı narazılığına göz yummamalıdır
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" matçından sonra yenə aləm bir-birinə dəyib.
Ölkənin ən təcrübəli hakimi, FİFA referisi Əliyar Ağayevin aşkar səhvləri və mübahisəli qərarlarına səssiz qalmayan Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin görüşdən sonrakı açıqlamaları havada şimşək effekti yaradıb.
Bir qədər də konteksdən çıxarılan iş adamının fikirləri emosional təsir bağışlasa da, arxasında konkret reallıqlar dayanır.
Cərimə meydançasında, xəttin üzərində baş verən açıq qayda pozuntularının VAR müdaxiləsinə rəğmən, penalti ilə nəticələnməməsi ciddi suallar doğurur.
Detallara varmadan açıq deyə bilərik ki, Əliyar Ağayevin idarəçiliyi oyunun taleyinə birbaşa təsir göstərdi.
Quliyevin sərt reaksiyası da məhz bu qərarlardan doğan təbii emosiyanın təsirindən idi. Onun səsləndirdiyi ifadələrin mahiyyətinə varsaq, meydanda baş verənlərə daha ədalətli yanaşma sərgiləyə bilərik.
Adam neçə ildir Azərbaycan futboluna, bölgəyə sərmayə yatırır, futbolun inkişafına ciddi səylər göstərir.
Azərbaycan futboluna şəxsi resurslarını, imkanlarını sərf edən iş adamının haqlı narazılığını görməzdən gəlmək AFFA üçün daha ağır fəsadlara yol aça bilər.
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov 80-90 faiz hallarda həmkarlarından yana açıqlamalar versə də, ciddi nöqsanların ört-basdır edilməsi uzun yolu və mümkün uğurları hədəfləyən federasiyanın imicinə ziyandan başqa bir şey olmaz.
Azərbaycanda futbola könüldən can yandıran, ciddi sərmayə yatıran neçə futbol adamı var ki?!
Mediasport.com.az
