İlk DÇ ABŞ-də keçiriləcək

İlk DÇ ABŞ-də keçiriləcək

Qadın futbolçular arasında ilk dəfə 2028-ci ildə keçiriləcək klublararası dünya çempionatının məkanı açıqlanıb.

"Mediasport" xəbər verir ki, mundial 2028-ci ildə ABŞ-də təşkil olunacaq.

Bu barədə FIFA məlumat yayıb. Turnir yanvarın 5-dən 30-dək baş tutacaq.

Turnirdə iştirak edəcək kollektivlər dördillik təsnifat dövründə, yəni 2024 və 2027-ci illərdə başa çatan mövsümlər ərzində öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələrə əsasən müəyyənləşdiriləcək.

Avropanı turnirin final mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa klubu isə final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsində mübarizə aparacaq.

Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), eləcə də Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) hər birinə iki birbaşa və bir pley-in vəsiqəsi ayrılacaq.

Okeaniya Futbol Konfederasiyası (OFC) isə bir pley-in vəsiqəsi qazanacaq.

Pley-in mərhələsinin üç qalibi qrup mərhələsində mübarizə aparacaq 13 komandaya qoşulacaq.

FIFA qadın klubları arasında dünya çempionatının dörd ildən bir keçirilməsini nəzərdə tutur.