"Məktəbli Qızlar" turnirində növbəti qrup oyunları start götürdü
AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirində növbəti qrup oyunlarına start verilib.
"Mediasport" xəbər verir ki, bu dəfə Səbail və Xətai rayonları üzrə matçlar keçirilib.
Xətai rayonu üzrə A qrupunun ilk oyunları mərkəz seçilmiş 56 saylı tam orta məktəbdə keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 55 və 27 saylı məktəblərin, ardından isə 56 və 86 saylı məktəblərin komandaları qarşılaşıblar.
Səbail rayonu üzrə B qrupunun ilk görüşləri isə mərkəz seçilmiş 189-190 saylı tam orta məktəbdə təşkil olunub və 4 komanda yarışıb. Əvvəlcə 132-134 və 7 saylı məktəblərin, ardından isə 8 və 6 saylı məktəblərin komandaları qarşılaşıblar.
Xətai rayonu üzrə turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov və 56 saylı məktəbin direktoru Könül Hüseynova çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihənin 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə və Lənkərandan 10 məktəbdə keçirilməsi planlaşdırılır.
Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.
