“Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm"
“Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır. Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati heyətə və hər gün bu klub üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istəyirəm".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Neftçi"dən ayrılan İmad Fərəcə məxsusdur.
Tunisin "Esperans" komandasına transfer olunan fransalı vinger "Neftçi" ilə vidalaşıb:
"Burada heç vaxt unutmayacağım anlar yaşadım və hər zaman mənim üçün önəmli olacaq insanlarla tanış oldum.
Azarkeşlərimizə böyük dəstəyə, həm yaxşı, həm də çətin anlarda bizə verdikləri gücə görə xüsusi təşəkkür edirəm.
Bu formanı hər dəfə geyinəndə əlimdən gələni etməyə, bütün gücümü meydana qoymağa çalışdım.
Bu gün karyeramda yeni səhifə açmaq üçün klubdan ayrılıram. Lakin “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm.
Bu klub və burada tanıdığım insanlar həmişə mənim həyat hekayəmin bir parçası olaraq qalacaq.
Kluba, komanda yoldaşlarıma və bütün azarkeşlərimizə gələcəkdə yalnız uğurlar arzulayıram.
Hər şey üçün təşəkkür edirəm".
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə transfer olunan Fərəc "ağ-qaralar"ın heyətində 34 rəsmi oyunda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


