"Oyun elə getdi ki, ehtiyatlandım" - Qurbanovdan QƏLƏBƏ ŞƏRHİ

"Oyun elə getdi ki, ehtiyatlandım" - Qurbanovdan QƏLƏBƏ ŞƏRHİ

"Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Komandada balans yox idi. Çünki xeyli müddətdir futbolçular bir yerdə deyildi".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 8-ci turunun "Turan Tovuz"la matçı haqda danışıb, 2:1 hesablı qələbəni şərh edib:

"Heyətdə rotasiyalar etmişdik. Topla tam istədiyimiz kimi davrana bilmirdik. Rəqib ilk hissədə buna imkan vermirdi. İlk yarıda top 12-15 dəqiqə oyunda oldu. Daha çox uzun toplar, mübarizə var idi. Demək olar ki, heç nə edə bilmirdik. Top 2-3 dəqiqə oyunda qalmırdı ki, meydanda düzgün yerləşək.

Amma ikinci hissədə tam fərqli oyun oldu. Rəqibin gücü bir az azaldı. İlk yarıda çox enerji itirdilər. İkinci hissədə daha rahat oynamağa başladıq. Çox vacib 3 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. "Turan Tovuz"a uğurlar arzulayıram".

Marko Yankoviçi "Atletik"lə matçda start heyətində görə bilərik?

- Sabah məşqimiz olacaq. Qarşıda bir neçə gün vaxtımız var. Düzünü desəm, bu gün onu daha çox oynatmaq istəyirdim. Ən azından 30 dəqiqə planımda var idi. Oyun elə getdi ki, ehtiyatlandım. Mübarizə var idi, meydança sürüşkən idi. Ona görə Yankoviçi bir az gec buraxdım. Oyuna kimi lazım olan qərarı verəcəyik.

"Atletik"i təhlil etməyə vaxtınız olub?

- Tam etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq. 

"Atletik"lə oyunda fərqli gedişlər görəcəyik?

- İllərdir nə etmişiksə, onu etməyə çalışacağıq. Çünki biz onu daha yaxşı edə bilirik. Amma bəzi rəqiblərə qarşı oyunun gedişində elə detallar var ki, futbolçulara tapşırıq veririk və onlar yerinə yetirirlər. İstənilən komandanın özəlliyi var. Onun qarşısını almaq üçün meydanda diqqəti olmalıyıq. Statistikaya görə "Atletik" ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq. Rəqibin buna nə qədər imkan verəcəyini matçda hiss edəcəyik.