Azərbaycan yığması Yay Olimpiya Oyunlarını 6 medalla başa vurdu
Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.
Milli Olimpiya Komitəsindən "Mediasport"a verilən məlumata görə, idmançılarımız yarışı 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurublar.
Cüdoçu İbrahim Talıbov (55 kiloqram), çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) çempion olublar.
Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kiloqram), taekvondoçu Adil Kazımlı (73 kiloqram) və boksçu Gülər Hüseynova (51 kiloqram) isə gümüş mükafat əldə ediblər.
Qeyd edək ki, ölkəmiz olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunub.
Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);
Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;
Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);
Boks: Gülər Hüseynova (51 kiloqram);
Qılıncoynatma: Abbas Hüseynov;
Şosse velosipedi: Nihad Xudoyev;
Cüdo: İbrahim Talıbov (55 kiloqram);
Yüngül atletika: Daniil Şuvayev.

