"Mənim haqqımda belə şayiə yayanları Allaha tapşırıram"

"Mənim haqqımda belə şayiə yayanları Allaha tapşırıram"

"İndi də "ASK Arena"da cadu tapılıb. Yenə Tərlan Əhmədovun adı hallanır. Tərlan Əhmədov belə çirkin işlərlə məşğul olsaydı, indiyədək işini davam etdirərdi. Həm də mənim adımla bağlı bu qədər söz-söhbət çıxmazdı. Bu çirkin oyunun arxasında kim dayanırsa, Allah onu bildiyi kimi eləsin".

Bu sözləri "Mediasport"a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib.

3 ilə yaxındır işsiz qalan mütəxəssis keçmiş "Şəfa", indiki "ASK Arena"nın süni ot örtüyünün altından tapılan caduda adının olmasına dair yayılan xəbərlərə sərt reksiya verib.

Azərbaycan yığmasının keçmiş kapitanı qeyd edib ki, belə ucuz kampaniyalarla onun karyerasına, adına xələl gətirməyə çalışırlar:

"Bu, çox üzücü xəbərdir. Heç xoş olmayan hadisələrdir. 3 ilə yaxındır - daha dəqiq desək, 2 il 4 aydır işsizəm. Evimdə oturmuşam. Bunların hamısı Tərlanı gözü götürməyən adamların işləridir.

İşlədiyim vaxt deyirdilər ki, Tərlanın xarakteri pisdir, rəhbərliklə, futbolçularla, işçilərlə yola getmir, oyunçulardan pul yığır. Amma Tərlanın xərclədiyi pullardan heç kim danışmadı.

Xatırlayırsınızsa, AZAL-da işlədiyim vaxt avtomobilimi satmışdım və nəticədə, özümün 18 min dollara yaxın pulumla futbolçuların ödənişini etmişdim. 2015-2016-cı illərdə dünyada iqtisadi böhran olduğu bir vaxt öz pulumu komandaya xərcləyirdim, bir neçə əcnəbi futbolçumuza ödənişlər etdim. Sonra pulumu tələb edəndə bildirdilər ki, klub bizə pul verəndə sənin də ödənişini qaytararıq. Bu məsələ elə orada "öldü".

"Kəpəz"də işləyəndə futbolçulara qalmaq və yemək üçün pullar xərcləyirdim. Onlar barədə heç danışmadım da. Heç kim bunları dilə gətirmir, amma Tərlanın adına söz çıxardırlar.

Niyə məni bir il işləyən kimi uzaqlaşdırırlar? "ASK Arena"da tapılan cadunun fotosunu mənə göndərmişdilər. Gördüm ki, orada mənim adımla yanaşı, səhv eləmirəmsə, rəqib komandalardan "Sabah"ın oyunçularının da adları var. Eyni zamanda, bir məşqçinin də adı yer alıb. Yadınızdadırsa, Elşad Əhmədov bir müddət sonra həmin komandadan göndərildi. Bir il sonra isə mən "Keşlə"dən uzaqlaşdırıldım. Mən bu işi görmüş olsaydım, elə illərlə işləyərdim də.

T.Əhmədov uzun müddətdir işsiz qalmasını kimlərinsə çirkin əməlləri ilə əlaqələndirib:

"Hər halda bu məsələ gündəmə gətirilib. Amma heç xoş olmayan bir məsələdir. Bəlkə də illərlə işsiz qalmağımın səbəbi mənə edilən cadularla bağlıdır. Bilirsiniz ki, "Neftçi" və "Keşlə"dən sonra uzun müddət işsiz qaldım. İndi də "Kəpəz"dən sonra eyni hal yaşanıb. Kimsə demir ki, bəlkə Tərlanın özünə nəsə olub? Heç məni yadına salan olmur.

"Turan Tovuz"un stadionundan da, avtobusun içindəki döşəmənin altından da cadu tapılıb. Belə çıxır ki, onlar da mənimlə əlaqələndirilir...Bu qədər haqsızlıq, bu qədər nankorluq ola bilməz də. Bu işin arxasında kimlərsə dayanır. Mənim "Turan Tovuz"la heç bir bağlılığım yoxdur. Həmin komanda ilə də adım hallanmayıb".

O, barəsində niyə belə çirkin kampaniya aparıldığını, şayiələrin kimlər tərəfindən ortaya atıldığını bilmədiyini vurğulayıb:

"İnsanlar belə məsələlərdə bir az analiz etsinlər, düşünsünlər. Əgər Tərlan belə işlərlə məşğul olsaydı, qalıb işində işləyərdi. Nə üçün işsiz qalırdım. Bunlara kimlər inanırsa, deməli, həmin şəxslərin də təfəkküründə buna yaxın düşüncələr var. Nəticədə, Tərlan haqqında mənfi fikirlər söyləyirlər. Anlaya bilmirəm ki, mənə qarşı edilən bu haqsızlıqlar, antipatiya nədir? Mənimlə bağlı bu fikirlərin haradan, kimdən formalaşdığından baş açmıram. Hər birini Allaha tapşırıram. Bu işdə bilmədən, analiz etmədən mənim adımı hallandıranların və əlbir olanların Allahı bilsin, özləri bilsin. Hər şey göz qabağındadır".

Son olaraq "Kəpəz"İn baş məşqçisi olmuş çalışdırıcı birvaxtlar "Keşlə"də çalışdığına görə peşmanlıq hiss keçirdiyi qeyd edib:

"Mən "Keşlə"yə təyinat almadan öncə orada Yuri Maksimov çalışıb. Ondan sonra isə serbiyalı mütəxəssis çalışıb. Onlar da həmin klubda çox qısa müddət çalışıblar. Çox tab gətirməyiblər. Orada ilk ilim uğursuz keçdi - komanda sonuncu pilləni tutdu. Növbəti mövsüm isə komanda nəticə göstərdi. Həmin vaxt oyunlarımızı Bayılda yerləşən "ASCO Arena"da keçirmişdik. Uğuru orada qazanmışdıq. Pandemiyadan sonra mənimlə yeni müqavilə imzalanmadı.

Məndən sonra gələn Yunis Hüseynov da, Sənan Qurbanov da "ASK Arena"da uğursuzluq yaşayıblar. Hətta Sənan kubok qazansa da, sonra yola salındı.

Bu məsələlərin heç cür Tərlan Əhmədovla bağlılığı ola bilməz. Tərlan Əhmədovun adına yaxılan qara ləkələrə kim səbəb olursa, Allah bəlalarını versin. Bu işlə məşğul olsaydım, illərlə fəaliyyətimə davam edərdim.

Bu cadu məsələsini mənim etdiyimi deyən bəzi saytlar da var. Bunlar heç xoş deyil. Bir analiz edin, nələrin baş verdiyini dəqiqləşdirin. "Keşlə"yə getdiyim günə lənət olardı.

Məndən əvvəl orada çalışan şəxslərin başına gələnlərə baxmalıydım. Nə deyə bilərəm? Bəlkə də bu da mənim böyük səhvim olub. Yəqin, orada kimlərinsə gözü olub. Mən də həmin klubda çox tab gətirə bilmədim".


Rövşən ƏLİSOY