"Qarabağ"dan YENİ TRANSFER - Qurban Qurbanov açıqladı
"Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz"la oyun haqda fikirlərini bölüşüb, 1:0 hesablı qələbəni şərh edib:
Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu oyunda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlir?
- Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunçuluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq.
Beynəlxalq matçlardakı təcrübənizə əsaslanaraq bizim hakimlərə nə kimi tövsiyə edə bilərsiniz?
- Onlara tövsiyə etməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.
İbrahima Vadji ilə bağlı qırmızı epizodu və qoldakı ofsayd şübhəsi ilə bağlı düşüncələriniz?
- Mən istəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun. Həmin epizodda qırmızı vərəqə verilməməsini doğru hesab edirəm. Qoldakı ofsayd şübhəsi ilə bağlı onu deyə bilərəm ki, biz öz kameramızdan baxdıq və doğru qərar verildiyini düşünürəm.
Çempionlar Liqasındakı uğurunuzla bağlı müəyyən klublar təbrik paylaşımı etmədilər. Bu sizi məyus etdi?
- İnanın ki, daha dərindən maraqlanmamışam kim təbrik edib, kim yox. Amma dünya praktikasında bu cür hallar var. Yəni rəqabət olan yerdə bunu normal qarşılayıram.
Futbolçu kimi şərəfini qoruduğunuz Rusiyanın "Baltika" klubu sosial şəbəkə hesablarında sizinlə bağlı paylaşım edib, təbrik yazıblar. Ümumiyyətlə, keçmiş klublarınızdan hansılarsa sizinlə əlaqə saxlayıb təbrik edir belə məqamlarda?
- Çox sağ olsunlar, bilmirdim. Yox, elə əlaqə saxlayan olmayıb. Yenə də sağ olsunlar. Amma o gün "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin mənə görüntülü zəng etmişdi. Danışdıq, təbrik elədi.
"Sabah"ın bu cür yüksəlişi sizi, komandanızı çempionluq yarışında həyacanlandırır? Düşünürsünüz ki, uzun illərdən sonra hegemonluğunuz əlinizdən alına bilər?
- "Sabah"ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.
"Nyukasl"la matçdan əvvəl Şamaxıda və Qubada səfər oyunlarınız var. Bu stadionlarda oynamaq zədələnmə riski ilə əlaqədar sizi narahat edir?
- Çox narahatam. "Nyukasl"la maçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda biri çempionatda. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var.
İngiltərə səfərindən əvvəl "Neftçi" ilə matçınızın təxirə salınması üçün PFL-ə müraciət edəcəksiniz?
- Belə bir fikrimiz var, düşünəcəyik. Hələlik avxtımız var, götür-qoy edib qərar verəcəyik.
Jeremi Qnalinin "Qarabağ"a transferi danışılır. Doğrudur?
- Bəli, belə söhbət var. Bakıya gəlməlidir. Ancaq son olaraq rəhbərlikdən soruşmamışam ki, məsələ nə yerdə qaldı.
