"Musa və Nərimana inanıram"

"Musa və Nərimana inanıram"

"Biz bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov həmin oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan komandaya yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb:

"Heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir. Mən Musama, Nərimanıma inanıram.

Toral Bayramovun ötən il "Budö Qlimt"ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının "Ferensvaroş"a meydana girən kimi vurduğu qol mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik".

Xatırladaq ki, "Qarabağ" yay "transfer pəncərəsi"ndə Dani Boltu, Pedro Bikalyo, Kris Kuakunu, Sami Mmaeni, Xoni Montieli və Kamilo Duranı transfer edib.