"Futbolçularım cəsarətli oyun göstərdilər" - Qurban Qurbanov
"Rəqibi təbrik edirəm. Məğlub olsaq da, oyunumuzdan razı qaldım. Futbolçularım çəkinmədilər, sona kimi mübarizə apardılar".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Napoli" ilə 5-ci tur matçı (0:2) haqda danışıb.
O, səfərdə baş tutan görüşü belə şərh edib:
"Futbolçularım cəsarətli oyun göstərdilər. Qarşımızda çox yaxşı, yüksək keyfiyyətli futbolçuları olan rəqib var idi. Buna baxmayaraq, axıra qədər səliqəli futbol oynadıq. Belə davam etməliyik. Dünən də demişdim ki, bu turnirdə hər matçdan həzz almalıyıq. Daha da böyümək üçün hər oyun inamlı olmalıyıq".
Konteni çox yaxşı tanıyırsınız. Həm rəqibdə, həm sizin oyunda nələr gözlədiyiniz kimi olmadı?
- Demək olar, hər şey düşündüyümüz kimi idi. Sadəcə, qoldan əvvəl dəyişiklik edib 5-li müdafiədən 4-lü müdafiəyə keçəndə 8-10 dəqiqə oyunumuzu itirdik. Bir qədər anlaşılmazlıq yarandı. Bununla da demək olar ki, oyunun taleyi həll edildi. Buraxıdğımız toplar çox bəsit qollar idi. Futbolçulara nəsə irad bildirəsi epizodlar deyildi.
Medinanın oyunu tərk etməsini hardasa qırılma nöqtəsi adlandırmaq olar?
- Gərgin keçən belə oyunlarda bəzən düşünülməmiş əvəzetmə mane olur. Buna baxmayaraq, Sami Mmae oyuna heç də pis qoşulmadı. Sadəcə, bəlkə də Medinanın son vaxtlarkı təcrübəsinə görə futbolçular daha inamlı ola bilərdi. Belə olmasa, daha yaxşı olardı. Amma oldu. Deməli, bu gün qalibiyyət "Napoli"nin olmalı imiş.
AYXAN
