Ramil Şeydayev yenidən "Qarabağ"da forma geyinəcək

"Qarabağ" Ramil Şeydayevin keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu 29 yaşlı hücumçu ilə müqavilə bağlayıb.
Klubla Şeydayev arasında 1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.
2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adını qazanıb.
Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tayland), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Xoni Montiel və Kamilo Duranı heyətinə qatıb.