Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Prmeyer Liqasının 9-cu turunun "Qarabağ"la səfər oyunu haqda danışıb, 0:0 hesablı heç-heçəni şərh edib:
"Qol epizodlarımız oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Ona görə önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar".
Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?
- Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.
"Qarabağ" bu gün müdafiə xəttinizi yarada bilmədi, yoxsa siz yaxşı oynadınız?
- Elə siz hər şeyi dediz. "Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, "Qarabağ"da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu.
Qol epizodlarınız oldu, amma vura bilmədiniz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdır?
- Hücum çətin plandır. Onu daimi işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. "Qarabağ"la oyunda belə epizodlara girməyin özü də, istək və işdir. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odur ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdır.
Edqar Adilxanovu çoxdandır ki, görmürük...
- Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA Almaniyada əməliyyat etdirdi onu. Məşqlərə başlayıb. Yəqin ki, gələn turda 23-lükdə olacaq.
Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?
- Onsuz da, hər yerdə çətindir. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.
Millidə işləməyinizin "Şamaxı"ya mənfi təsiri də var. Bu baxımdan peşman deyilsiniz?
- Yox. Onsuz da, mövsümün əvvəlində bu prosesi bilirdik. Düzdür, planda U-21 yığması idi. "Şamaxı" rəhbərliyi ilə də danışmışdıq ki, bu gün komandamızda 8-9 futbolçu U-21 yığmasına gedirdi. İş elə alındı ki, A millidəyik. Əlbəttə, "Şamaxı"ya təsiri ola bilər. Amma burada klubun qazancı da var. Biz bu təhlükəni qabaqcadan bilirdik və buna hazır idik.
