"Turan Tovuz"un "Fənərbaxça" ilə qarşılaşması nə vaxt baş tutacaq?

"Turan Tovuz"un "Fənərbaxça" ilə qarşılaşması nə vaxt baş tutacaq?

"Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev deyib.

Paşayev öncə klubun avrokuboklardan kənar qalmasından söz açıb:

"İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq.

Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, "Turan"sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

Klub rəsmisi Qərb təmsilçisinin "Fənərbaxça" ilə baş tutacaq yoldaşlıq oyunundan da danışıb:

"Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan Tovuz"un yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu".

O, matçın tarixi ilə də bağlı fikir bildirib:

"Bilirsiniz ki, "Fənərbaxça" Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda - milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq.

Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda "Turan"sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk".

Xatırladaq ki, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən "Turan Tovuz" 1994-cü ildə məhz "Fənərbaxça" ilə üz-üzə gəlib.