Utanmaq hissini itirmişlər üçün

Bugünlərdə "Zirə"nin UEFA Avropa Konfrans Liqasında iki oyunun nəticəsinə görə "Riyeka"ya uduzaraq mübarizəni II təsnifatda dayandırmasından yazmışdıq.
Çoxları Xorvatiya klubunun daha güclü, daha səviyyəli olduğunu iddia etsə də, bizim fikrimiz dəyişməzdir - Azərbaycan çempionatının gümüş medalçısı yanlış taktikanın, səhv hazırlığın və qorxaq futbolun qurbanı oldu.
İndisə "Sabah" və "Araz-Naxçıvan" haqda düşüncələrimizi - etik normalar olmasaydı və jurnalistika prinsipləri imkan versəydi, daha ağır terminologiya ilə ifadə edərdik. Təəssüf ki, bu, mümkün deyil.
Hər vəchlə Azərbaycan futboluna xidmət etdiklərini, Azərbaycan futbolunun sabahı olduqlarını idda edən "Sabah", o cümlədən Azərbaycan futbolunda niyə var olduğu, nəyə-kimlərə xidmət etdiyi naməlum "Araz-Naxçıvan"ın Konfrans Liqasının III raundunda biabırçı oyunları haqda daha sakit fikirlər ifadə etmək çox çətindir, çox.
Fəaliyyətə başladığı gündən bu yana geridə qalan 8 il ərzində saysız-hesabsız məşqçi, futbolçu dəyişən, milyonlarla büdcəsi olan, Azərbaycanda eninə-uzununa mümkün bütün imkanlara sahib "Sabah"də aşağı-yuxarı 6 aydan bir qlobal dəyişikliklər reallaşır, idarəetmədəki boşluqlar dəyişməz qalır.
Sağalmaz yara kimi irinləyən bərbad idarəetmə strukturu kritik məqamlarda bütün zərbələri baş məşqçilərə yönəldərək vəziyyətdən yayınmaqla məşğul olduğundandır ki, bu gün "Sabah" 30 milyon manata yaxın büdcə və 15-dən çox legioner futbolçu ilə ortabab "Levski" qarşısında büzüşüb dayanır, acizanə formada uduzur.
Komandanın əyri bitmiş onurğası bir növ çevir tatı-vur tatı prinsipi ilə işləyir - hər şey dəyişir, heç nə dəyişmir. Nə hesabat verən var, nə də hesab tələb edən.
Bir də çox uzaqdan-uzağa naxçıvanlı olan "Araz-Naxçıvan" var ki, ümumiyyətlə, fəaliyyətinin mahiyyəti elmə məlum deyil. Azərbaycan futbolundan qat-qat üstün olmayan Kiprin "Omoniya" klubunun iki görüşdə 9 cavabsız qolla mərhələ adlaması, əslində, bu komandanın tam mahiyyətini çılpaqlığı ilə ortaya qoymuş oldu.
Bir oyunda təsadüfdən, bəxtsizlikdən və.s. 4 qol buraxmaq olar. Lakin eyni rəqibdən ikinci matçda daha artıq - 5 top buraxırsansa, bu, artıq izahı olmayan rüsvayçılıq, fiaskodur.
"Omoniya" nə komandadır ki, sən ondan 9 qol yeyirsən?! Bu klub Avropanın aparıcı futbol ölkələrinin ikinci onluğunda yer alan istənilən komandadan üstün deyil, milyon faiz!
Bu rəzilliklərin səbəbi nədir? - İşə peşəkar, düzgün yanaşma, sağlam idarəetmə və uğurlu strategiyanın seçilməməsi, olmaması!
"Qarabağ" bu ölkənin klubu deyil? 10 ildən çoxdur fasiləsiz avrokuboklarda bizim üçün maksimum mümkün olanadək irəliləyən Ağdam klubunun nə düz-əməlli infrastrukturu var, nə özünün Avropa standartlarına tam cavab verən stadionu, nə bazası, nə də geniş imkanlı məşq meydançaları.
Nəticə? Əladır! Niyə? Çünki ortada sağlam yanaşma, sağlam struktur, sağlam beyinlərin idarəçiliyi və konkret məqsəd var.
Siz isə nə qədər ki, çürük planlarınızı kənara atmamısınız, heç zaman uğur qazana bilməyəcəksiniz. Büdcəniz istər 3 milyon olsun, istər 30 milyon.
Pulla çox şeyi almaq mümkündür, amma hər şeyi yox!
Mediasport.com.az