Bakıda Millətlər Liqası matçları yekunlaşdı: Millimiz 3-cü oldu

Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, son günün matçlarının ardından turnirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Qrupu 9 xalla başa vuran Ukrayna millisi kubok və qızıl medallarla təltif edilib.
8 xal toplayan İsrailə gümüş, aktivində 7 xal olan Azərbaycan yığmasına isə bürünc mükafatlar təqdim olunub.
Xatırladaq ki, komandamız Belçika (3:0) və Niderlanda (1:0) qalib gəlib, İsraillə qolsuz heç-heçə edib, Ukraynaya isə 1:3 hesabı ilə uduzub.
Turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.